Bakı İstintaq Təcridxanası bunu etməklə məhkəmədə media nümayəndələrinin iştirakının qarşısını alıb
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadığovun Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə iddia tələbinə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun icraatında baxılıb. Əvəz Zeynallının məhkəmədə iştirakının təmin olunmaması narazılıqla qarşılandı. Hakim Ülvi Mayılov Ə.Zeynallının məhkəmədə iştirakının təmin edilməsi üçün vəkil tərəfindən əvvəlcədən vəsatət qaldırılmasının vacibliyini qeyd etdi. Vəkil E.Sadığov isə bildirdi ki, cavabdeh Bakı İstintaq Təcridxanasına qarşı iddia həm vəkil E.Sadığov və həm də Ə.Zeynallı tərəfindən qaldırılıb. O baxımdan da E.Sadığov Ə.Zeynallının nümayəndəsi və yaxud da vəkili kimi bu məhkəmədə iştirak edə bilməz. Buna görə də, Ə.Zeynallının məhkəmədə iştirakı mütləq təmin edilməlidir. Əks təqdirdə Avropa Insan Haqları Konvensiyasının və AR qanunlarının "məhkəmədə çəkişmə prinsipinin pozulması" ilə əlaqəli maddələri pozulmuş olacaq. Vəkil Ə.Zeynallının məhkəməyə gətirilməsilə bağlı yazılı vəsatət təqdim etdikdən sonra hakim Ü.Mayılov vəsatətin təmin edildiyini bildirdi. İşlə bağlı məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salındı. Qeyd edək ki, bununla bağlı şikayətə son dəfə 2012-ci il avqustun 14-də 2 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında baxılıb. İclasların obyektiv tərzdə, qanunamüvafiq şəkildə keçirilməsi müşahidəçilərdə təəcüb yaratmışdı. 2012-ci il oktyabrın 11-də keçirilən məhkəmə prosesində hakimin yenisilə əvəz olunmasının səbəbləri açıqlanmayıb. Yeni hakim Fərmayıl Zeynallı prosesin tez başa çatması və iddianın təmin olunmaması naminə bütün qanunsuz vasitələrdən və şəxsi bəhanələrdən istifadə edib. Ə.Zeynallı bu məhkəmə prosesinin də digərləri kimi sifariş əsasında həyata keçirildiyini, məhkəmə qərarının ədalətsiz və qanunsuz olduğunu diqqətə çatdırıb: “Biz onsuz da sifarişlə işləyən məhkəmələrdən ədalət gözləməyi çoxdan tərgitmişik. İndiyədək bir-neçə “haqlı” iddialarımız bu sifarişlər əsasında təmin edilməyib. Bu dəfə də eyni mənzərə ilə rastlaşdıq” Məlumat üçün bildirək ki, Ə.Zeynallı vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub. 2012-ci il iyunun 4-də keçirilən məhkəmə də gərginliksiz ötüşməyib. O zaman Ə.Zeynallı məhkəmədə etirazını bildirb: “Aylardır ki, işi məhkəməyə vermişik. Lakin bu gün, mənə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəfildən məhkəmə barədə məlumat verib və bura gətiriblər. Nə üçün bu qədər uzun müddətdə şikayətimizə baxılmayıb? Bu tələskənliyin səbəbi nədir?”. Hakim BİT-na aprel ayının 27-dən sərəncam göndərildiyini deyib. BİT isə səlahiyyətlərini növbəti dəfə pozaraq, bu haqda əvvəlcədən Ə.Zeynallıya məlumat verməyib. Vəkil E.Sadığov hesab edir ki, BİT bunu etməklə məhkəmədə media nümayəndələrinin iştirakının qarşısını alıb. Əvəz Zeynallının məhkəmələri açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?