Azərbaycanda əhali arasında sorğu keçirsən, hamıdan bir-bir soruşsan ki, sus, danışma, kəs səsini sözlərini sənə ilk dəfə kim söyləyib?
- Anam - deyər.
Bəs vətəndaş etiraz, öz haqqını tələb eləyəndə sistem ona nə deyir?
- Sus, danışma, kəs səsini.
İlk dəfə bu söz mənə deyiləndə uşaqlığıma qayıtmış, anamla tanış olduğum günü xatırlamışdım. Əminəm ki, mən südəmər olanda, çığıranda anam heç mənə sus deməyib. Nə zaman ki, ayaq tutu yeriməyə, mən mən olmağa başlamışam, anamdan sus, kəs səsini sözlərini eşidirəm.
Sonra mənim anam kimdir deyə düşünməyə başladım. O, Sovet qadınıdır. Bəs ona sus, dinmə, kəs səsini sözlərini kim öyrətmişdi? Sovet dövləti. Sovet insanları döyüşə səsləyəndə də deyirdi ki, ana vətən çağırır.
Demək, mən hansı zehniyyətin əsiriyəm? Palaza bürün, ellə sürün, el üçün ağlayan kor olar, düz düzdə qalar kimi atalar sözlərinin üzərində kim işləyib, onları kim düz-qoş edib anaların əli ilə bizim şüurumuza soxuşdurub? Sovet repressiyasına əsasən atalar məruz qalıb. Analar isə övladlarını qorumaq, atalarının aqibətini yaşamamaları üçün onlara sus, kəs səsini deyir, onları sistemə itaət ruhunda tərbiyə edirlər. Analar vasitəsilə Azərbaycan xalqına hələ də hansı zehniyyət təqdim olunur, hansı şüur aşılanır, söz-söz, cümlə-cümlə onları təhlil eləsən və o kodların hardan gəldiyinin izinə düşsən, çox mətləbləri anlamaq mümkündür.
Sual edirəm.
Azərbaycan xalqı kimdir?
Öz ailəmizdən başlayım.
Xalq Kəramətdir?
Yox.
Çünki düşüncə olaraq anam tərəfindən birmənalı şəkildə qəbul olunmuram.
Xalq atamdır?
Yox.
O da evdə mənim günümdədir.
Sadəcə ər olduğu üçün üzərində mənim qədər basqı yoxdur.
Xalq bacım, qardaşımdır?
Yox.
Onlar təmizlik işinə baxanlardır.
Bəs xalq kimdir?
Anam!
Azərbaycanda adətən insanlar anasından çox kitab oxuyur, anasından daha geniş dünyagörüşə, intellektə sahib olur, anasından çox işləyir, amma hər kəs birmənalı və istisnasız şəkildə anası ilə hesablaşır. Ana hətta yeznəyə də təsir gücünə malikdir. Yeznə də nəsə bir iş görəndə, addım atanda qaynanasını fikirləşir, onun xoşuna gəlib-gəlməyəcəyini düşünür.
Ananın övlad dünyaya gətirməsi, onu qorumaq instikləri adi təbiət hadisəsidir. Eyni hal heyvanlarda da baş verir. Analar ömür boyu bir kitab arası açmır, amma bildi-bilmədi hər mövzuya qarışır. Azərbaycanda bir kişi ömrünün gör neçə yerində ana ilə üz-üzə qalır. Öz anası, evləndiyi qadının anası, övladının anası. Bu üç ana yığışıb sənə sübut eləməyə çalışır ki, Şopen səhv deyib, Freyd qələt eləyib, onun öz nənəsindən eşitdikləri düzdür. Bəs nənəsi kim idi? Sovetdən də əvvəl Şimaldan gələn təsirlərlə formalaşmış ana! Nənəsi də övladına üst-üstə 3-4 litr süd verib, ömrünün axırına kimi o südü burnundan tökən bir zehniyyətin daşıyıcısı olub. Azərbaycan anası öz qızına həyata keçməyən arzularının ifadəsi kimi baxır. Məsələn, özü gəzməyib, istəyir qızı gəzsin. Özü tez ərə gedib, istəyir ki, qızı gec ərə getsin. Özünün təhsil almaması ər evində üzünə çəkilib deyə gələn elçilərə göstərmək, diplomu onların gözlərinə soxmaq üçün qızına təhsil verir. Təhsilin də mahiyyətini başa düşmür. Beləcə bütün informasiyaları da sonrakı nəsilə yanlış ötürür.
Ana bəs oğluna necə baxır? Öz ərində nədən zəhləsi gedirsə, istəyir ki, oğlunda olmasın. Əri içirsə, istəyir ki, oğlu içməsin. Əri türmədə yatıbsa, işi-gücü oğlunu türmədən qorumaq olur. Oğul qız sevir, anasına yaltaqlanır ki, birdən elçi getməz. Ana da qızın üz-gözünə, dalına-qabağına elə baxır, elə bil özünə alır. Fikir verirsinizmi analar hər şeydə özünə istinad edir? Bəs özü kimdir, bu zehniyyət, bu təfəkkür gedib hara bağlanır? İşğala, talana, zülmə, korrupsiyaya sülhməramlı adı qoyan kimdirsə, ora bağlanır. İşğalçı orduya sülhməramlı adı qoyduqları kimi bütün varlığımızı işğal edən və ölənə kimi bizi əsarətində saxlayan ananı da müqəddəsləşdirib zehnimizə yeridiblər. İkisi də hər yerdə özü hökümran olmaq istəyir. Ana sülhməramlı adı altında insanın ərazi bütövlüyünü, onun suverenliyini, müstəqilliyini ömrünün axırına kimi öz südü ilə təsir altında saxlayır.
Bəs mən niyə öz ailəmdən rahatlıqla nümunə gətirə bilirəm? Çünki xalqımı tanıyıram və bilirəm ki, əksər Azərbaycan ailələrində vəziyyət bu cürdür. Kimlərsə deyə bilər ki, mənim anam elə deyil. Ancaq istisnalar qaydanı pozmur. Azərbaycan xalqının real ana obrazı, onun ümumi portreti belədir.
Bizi sistem idarə edir və o sistem bizi qorxuda-qorxuda qoruyan anadır.
O sistem evimizin içindədir, şüurumuzdadır.
Analarımız bizi idarə edən sistemlə düşüncə və zehniyyət olaraq əlbirdir.
İkisi də deyir ki, sus, danışma, kəs səsini.
Bir şeyi xüsusilə vurğulamaq istəyirəm.
Sistemin qabağında əvvəlki radikallığından imtina edən, loyallığını artıran, kənara çəkilən adamların bu qərara gəlməsində də əminəm ki, analar və ya övladlarının anası daha çox rol oynayıb. Görürsünüzmü sistemlə analar necə müttəfiqdir? Sistemlə ana müttəfiq olmayanda adamın anasını ağladırlar. Biz isə sistemlə barışan adamları söyür, onlara gülür, ələ salırıq. Bu cürlərinə ən çox gülən, lağ-lağı edən, onları siyasi sarkazm, yumor atəşinə tutan fəallardan biri də mən olmuşam. Ancaq onu da bilirəm ki, bu zehniyyətin özünü də bizə aşılayan Şimal olub. Çünki sınan adama gülmək, onu söymək də sistemin yaşamasına xidmət edir. Məsələn, hökumət kimisə əvvəlki mövqeyindən çəkindirib deputat eləyir. Yaxud, kimsə müəyyən şərtlər daxilində dialoqa cəlb olunur. Biz isə o adamları ictimai rəydə nüfuzdan salırıq. Bəs onların nüfuzdan salınmasını bizə kim sifariş verir? Şüurumuzdakı sistem, bizə soxuşdurulan zehniyyət. Biz təbii şəkildə sistemin və onun başında dayanan adamların tələbini yerinə yetirdiyimizdən özümüzün belə xəbərimiz yoxdur. Sizcə, hakimiyyət istəyər ki, ressurslarınınn qapısını açdığı, keçmiş komandasından ayrılan və az-çox intellektə sahib bir adam Milli Məclisdə həm də nüfuz sahibi olsun? Biz sistemlə barışan adamları söydükcə, ələ salıb güldükcə sistem işlək vəziyyətdə olur, pərdənin arxasındakılar isə bundan məmnun qalırlar. Biz sistemə transfer olunan adamı yenə tərifləsək, sevsək, onda sistemin beyni çönər, dəli olar. Amma şüurumuzdakı sistem sınan, satılan, dəyişən adamı tərifləməyə imkan verməz axı, buna əmindirlər.
Deyə bilərsiz ki, onda sınmasın, dözsün. Bu gücü, bu cəsarəti və dözümü isə hər adamdan gözləmək absurtdur. Adam bəlkə də, çətinliklərlə dözər, ancaq anasının göz yaşlarına dözmür. Hər adam öz dəyərləri uğrunda anasını ağlatmaq gücünə sahib deyil. Adam bir yerdə bezir, yorulur, mübarizənin mənasızlığı qənaətinə gəlir. Mənasız mübarizənin aqibəti isə ana arzularının qəbristanlığına çevrilir. Onların gücləri sistemə çatmır, əvəzində isə sistemin müttəfiqi ananın qatili olurlar. Çox vaxt sistemlə barışmayanlar da bunu başa düşür. Sadəcə, bu günə kimi gəldiyi yolun əsirinə çevrilir deyə davam eləyir. Bəs niyə belədir, niyə Azərbaycanda mübarizənin nəticəsi olmur? Ömürlər bitir, tükənir, sən isə uzaq başı cəmiyyətə öz cəsarətini göstərə bilirsən, başqa heç nəyi dəyişə bilmirsən. Bu cəsarətin də ömrü uzandıqca, ortada real nəticə olmadıqca fərdin ictimai əyarı düşür.
Sistem ona görə yaşaya bilir ki, o bizim öz zehniyyətimizin məhsuludur. Hakimiyyət bizim imtina edə bilmədiyimiz anamızla eyni beyinə, düşüncəyə və eyni təfəkkürə sahibdir. İkisi də deyir ki, sus, danışma, kəs səsini. Ana isə boşana bilmədiyin yeganə qadındır. Sistem gör necə həssas mexanizmin üzərində mövcuddur. Anadan imtina etməyə gücümüz çatmadığı kimi sistemə də gücümüz çatmır. Əlbəttə, bütün bunları başa düşüb var gücü ilə dirəniş göstərən adamlar var və bu, mümkündür. Ancaq problem odur ki, sən anana etiraz edə bilmirsən, bütün varlığınla ona yox deyə bilmirsən. Sən vətən yolunda canını qurban verən şəhid analarının öz balasının şəklini o biri şəhidlərdən öndə görmək istəyinin, arzusunun, düşüncəsinin, zehniyyətinin əsirisən. Ana hətta ölmüş balasından da əl çəkmir, cəsədinin belə daha görkəmli yerdə olmağını istəyir.
Kimsə soruşa bilər ki, problemi dedin, anladıq. Bəs xilas yolu nədir? Bunun üçün hər şeyə yenə öz anamızdan başlamalıyıq. Anamıza da sözümüz keçmir, bizimlə hesablaşmır. Məsələn, məni bacım tərifləyəndə anam ağzını büzür, qardaşım tərifləyəndə anam nəm-nüm eləyir, atam tərifləyəndə anam deyir ki, ikiniz də bir-birinizin tayısınız. Bəs məni kim tərifləyəndə anam inanır? Deyəcəm, güləcəksiniz. Amma valla, doğrudan belədir. Bircə qonşu məni tərifləyəndə anam inanır, ləzzət alır. Çünki qonşu anamın rəqabət obyektidir. O gün evə gəlmişəm. Anam fəxrlə mənə qayıdasan ki, Validə səni tərifləyirdi. Soruşdum ki, Validə kimdir? Deyir, balıqsatan qonşu.
Demək, 4 kitab yazmışam, hələ neçə kitabım çapa hazırlanır, neçə-neçə kitablar yazmaq niyətim var, ölkədə az-çox tanınıram, az-çox insanın sevgisini, hörmətini qazanmışam. Bu qədər şeyi anam görmür, bunlara görə mənə inanmır, bəyənmir. Bircə Validənin tərifləməyi ilə anam mənimlə fəxr eləyir.
Mənim anam kimdir? Yenə deyirəm, Azərbaycan xalqı və onun şüurundakı sistem. Bəs Validə kimdir? Qonşu. Yəni xarici qüvvə. Bizə ancaq xalq olaraq xarici qüvvə təsir edə bilər. Ona görə də, ölkədə bir balaca hərəkətlənmə olan kimi hökumət dərhal xarici qüvvə izi axtarmağa başlayır. Bilir ki, bu xalq özü kiməsə etiraz edəcək və ya özü kimisə sevəcək zehniyyətə və düşüncəyə sahib deyil.
Bəs o qonşu, Validə kimdir? Məni anama hansı məqsədlə tərifləyirdi? O, doğrudanmı balıqsatandır? Bəlkə, xarici müdaxilə ilə ailəmizi dağıtmaq istəyir. Və bilir ki, bu evə ancaq anamın beyninin içindən keçib girmək mümkündür. Bilir ki, onunla nə atam, nə mən, nə bacım, nə də qardaşım davamlı ünsiyyətdə olacaq. Uzaq başı yolda salam-sağ ol eləyib qaçacağıq. Ancaq anam Validə ilə razılaşır. Onun məqsədinin nə olduğunu isə anama başa salmaq mümkün deyil. Sistem, təhsilin səviyyəsi bunu anlamağa imkan vermir. Validə anam vasitəsilə bizə də söz keçirir. Bizə növbənöv balıqlar gətirir. Biz də balığı yeyib çölə çıxanda Validəyə sağ ol demək məcburiyyətində qalırıq. Menyumuzu da Validənin təsiri ilə anam müəyyən edir. Günün birində anam dünyasını dəyişəndə də özünü ən birinci çatdıran Validə olur. Ev-eşikdə yır-yığış edir. Soxasoxda deyir ki, ay bala, get yat, bir az dincini al. Gəlib üstümüzü örtür ki, soyuq olmasın. Bizim sevgimizi qazanır. Bacımı necə sevdiyimi bilir, buna görə də onun qayğısına qalır. Bacıma görə mən də Validəyə hörmət edirəm. Atam da mənə baxıb Validə ilə isnişir. Günün birində atam Validə ilə evlənir. Validə həyatımızdakı ana boşluğunda imitasiyaya başlayır.
Bizim hər cür əclaflığa bəraət qazandıran və ataların boynuna qoyulan analar sözlərimiz, məsələrimiz var. O şüur hətta anamızın yerini kiminsə imitasiya eləməyinə belə bizi razılaşdırır.
Hələ o biri qonşulardan danışmıram.
Yad təsirlər zaman-zaman bizim şüurumuzda o qədər yer tutub. Biri mələk cildində, biri şeytan cildində, biri xeyir, biri şər cildində, biri musiqisi ilə, biri ən müxtəlif idalogiyaları ilə ailəmizi dəyişmək üçün şüurumuzda hazır dayanıb və imitasiyaya başlamaq üçün hardansa əmr gözləyir.
Bütün bu düşüncələrdən sonra isə hərdən mənə elə gəlir ki, Azərbaycanda xeyirlə şər dalaşmır. Azərbaycanda ümumiyyətlə xeyir aktiv deyil. Bizim ölkədə şərlə şər dalaşır. Ən dəhşətlisi də odur ki, aralaşdıran da şərdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?