Bu, media “islahatı” adlanan siyasətin iflasıdır və bunun cavabını sizlərdən soracaqlar
Yarıtmaz fəaliyyəti uzun müddətdir xüsusən hökümətyönümlü medianın qınaq hədəfinə tuş gələn “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun yerinə media qarşısında “təmənnasız” xidmətləri dillərdə dastan olan Vüqar Əliyev gətirilir. Hələ iki gün öncə “Rəsmi qəzetin baş redaktoru niyə rəsmi şantaj hədəfinə çevrilib?” sərlövhəli yazısında “Azadlıq” qəzeti məsələyə ad çəkmədən toxunub. Sitat: “Bəxtiyar Sadıqovun adı “qara siyahı”ya salınıb, heç bir dövlət tədbirlərinə çağırılmır. Tezislə işləyən saytlardan biri martın əvvəlində onun istefa verəcəyini yazmışdı. Həqiqətən də Milli Məclis rəhbərliyi ona dirənməyin mənasız olması ilə bağlı xəbərdarlıq edib. Media kuluarlarında Sadıqovun yerinə Prezident Administrasiyasında Əli Həsənovun komandasından qalmış bir nəfərin gətiriləcəyi ilə bağlı xəbərlər dolaşmaqdadır”.
Etibarlı mənbənin “Gündəm Xəbər”ə verdiyi ilginc məlumata görə “Əli Həsənovun komandasından qalmış bir nəfər” adı dəyişilsə də mahiyyəti dəyişilməyən PA-nın ictimai-siyasi şöbəsinin olmayan müdirinin müavini Vüqar Əliyevdir ki, təqdimata ehtiyacı yoxdur. “Media islahatları” gedişində dilənçi gününə salınmış ölkənin adlı-sanlı qəzetləri içərisində ən bərbad vəziyyət rəsmi dövlət qəzetlərindədir. Dörd dövlət qəzetindən üçünün baş redaktoru formal olaraq dəyişilib, əslində isə dəyişiklik yox, “islahat” müəlliflərinin yazılı mediaya olan münasibətinin göstəricisidir, yəni dəyişiklik gözdən pərdə asmaq üçündür. Müsahibə ilə reportajın fərqini bilməyən Əhməd İsmayılov kimi adamlar xəbərləri ancaq telefondan görürlər, bəli, oxumurlar, məhz görürlər. Onların təfəkküründə qəzet qocaların, Amaşov kimi ağlayıb özünə kreslo istəyənlərin və bir də “ÇP”şniklərin yeridir. Elə buna görə də PA Vüqar Əliyev “fenomen”in kölgəsindən xilas olmaq üçün onu bir “ÇP”şnik kimi “Azərbaycan” qəzetinə itələmək qərarına gəliblər. Bəxtiyardan sonra Vüqar gəlir, “yağışdan çıxıb yağmura düşürük”. Dahi Üzeyir Hacıbəylidən miras qalan, dövlətmizin adını daşıyan qəzetə belə münasibət göstərirlər.
Bu “islahat” müəlliflərinin düşüncəsində media guya biznes subyektidir və bu yaxınlarda bu biznes subyektlərinin olmayan və heç vaxt olmayacaq gəlirlərini vergidən azad eləmək üçün var-gəl edirlər. Dilənçi gününə saldıqları medianı gəlir vergisindən azad eləmək media ilə məzələnmək deyil, bəs nədir? Doğurdan da KO-MEDİADIR!
Bu, media “islahatı” adlanan siyasətin iflasıdır və bunun cavabını sizlərdən soracaqlar.
Ç.Cəfəri
“Gündəm Xəbər”
P.S. Gəl Vüqar, tez gəl, illərdi adlarını “qara siyahıya” salıb həyatlarını məhv etdiyin vicdanlı jurnalistlər səni nəşriyyatın qabağında gül-çiçəklə gözləyirlər!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?