Bakı Apellyasiya Məhkəməsi 03.08.2021 tarixli qərarını hələ də vermir
Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyin edilməsi pensiyalarını dələduz icra məmurlarının, sığorta, məhkəmə, sosial təminat yetkililərinin yediyi Qarabağ qazilərində haqlı sual doğurub: 03.08.2021 tarixli qərar pensiyalarından məhrum olunan Qarabağ əlil(lər)inə veriləcək, yoxsa Səadət xanım işi özü ilə Naxçıvana aparıb?
Deyə bilərsiniz ki, axı bu 03.08.2021 tarixli qərarın Səadət Bəktaşiyə nə aidiyyatı var, nə matah olub ki, 2 ildir İnzibati, Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq tərəfə verilmir ki, kassasiya şikayəti vermək hüququndan yararlansın?! Bilməyənlərə qısa bilgi verək ki, Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki, icra sənədi olmadan məktubla xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlunun pensiyasını yarıqat etmək haqqında DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məktub göndərib və pensiya ödəyən orqan da ağına – bozuna baxmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı qazinin pensiyasının yarısını da dələduz “Rəvan” sığorta şirkətinin hesabına köçürüb. 350 manatlıq cüzi pensiyasının yarıqat edildiyi Qarabağ qazisi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədliyyə Nazirliyinin Suraxanı icra şöbəsinə qarşı qaldırdığı iddia hakim Zaur Tağıyevin iclasın vaxtından bir həftə sonra göndərdiyi bildiriş səbəbilə tərəflərin iştirakı olmadan iddianın mümkün sayılmaması ilə sonuclanıb. Yuxarı instansiyalar da Ədliyyə Nazirliyinin tərəfini tutaraq qanunsuz qərardadı qüvvədə saxlayıblar.
Nərimanov rayon məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı iddianı hakim Vüqar Quliyev təmin edib, amma Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Elşad Şamayev) bu qətnaməni ləğv edib. Onu da vurğulayaq ki, bu sətirlərin yazarı 3-cü şəxs qismində cəlb edilsə də, tələbi üzrə heç bir qərar qəbul edilməyib. Kassasiya şikayəti vermək üçün 4 ildir müraciət etsə də, hələ də vəkil ayrılması təmin olunmayıb. Elə özbaşınalıq, məhkəmə hüquq sistemində nadir hallarda rast gəlinən situasiya yaranıb ki, Elşad Şamayev Ali Məhkəmənin hakimi təyin olunub və təbii ki, ali həmkarları onun qanunsuz qətnaməsini ləğv etməkdə peşəkarlıq göstərməyiblər.
Qarabağ qazisi pensiyasına ortaq olan üçüncü quruma -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. İki dəfə Ali Məhkəmə aşağı instansiyaların iddianın mümkün sayılmaması haqqında qərardadlarını ləğv edib. Üçüncü dəfə Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin “daxil inamı” Qarabağ qazisinin pensiyasının məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, icra sənədi olmadan yeyilməsini legitimləşdirib. Hakimin “daxili inamı” elə qeyri-prosessual gücə malik olub ki, “İcra haqqında” qanunun 68.1.2 maddəsini (“TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) də inamdan, etibardan salıb. Hakimin inamı məhkəmənin icra sənədi oldu -olmadı, icranın məcburi olmasına, tələbin xidməti vəzifələrini yerinə yetirərkən ağ ciyərinin üçdən ikisini itirən Qarabağ qazisinin pensiyasının yarısına yönəldilməsinə “haqq verib”. Bu haqqın məbləğini bilməsə(lər) də, Qarabağ əlil(lər)i iddiaçı və 3-cü şəxs qismində apelyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyəti 03.08.2021 tarixli qərarla şikayəti təmin etməyib. O tarixdən hər həftə, hər ay qərarın verilməsini tələb edən Qarabağ qazisi hələ də barəsində çıxarılmış qərarın üzünü görmək, kassasiya şikayəti vermək arzusuna qovuşmayıb. Onu da vurğulamaq yerinə düşər ki, Səadət Bəktaşinin həmkarlarından Aida Hüseynli əvvəllər işin baxılmasında iştirak edib və Ali Məhkəmə onun qərardadını ləğv edib. Görəsən, Səadət Bəktaşi həmkarını özü ilə aparmayacaq ki? Qarabağ qazilərini başqa şey düşündürür : 03.08.2021 tarixli məhkəmə qərarı da Naxçıvana aparılacaq, yoxsa?
Məğrur Bədəlsoy
"Gündəm Xəbər"
P.S. Qarabağ qazisinin qanpulu -pensiyası , deyəsən, çox “dadlı - düşərlidir”, yeyənlər Ali Məhkəməyə, hətta sədr də təyin edilir. Allah xeyir verməsin!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?