Hər şey Qazax şəhər "zibil poliqonu" ərazisinin rayonun icra başçısı Rəcəb Babaşov tərəfindən restoran tikintisi məqsədilə bir sahibkara satılmasından, şəhərə bitişik sərhəddə yerləşən Qarapapaq - Ağköynək bələdiyyəsinin ərazisinin zibilxanaya çevrilməsindən və üfunətdən cana doymuş əhalinin haqlı narazılıqlarından, ərazinin zibillərdən təmizlənməsi tələbindən sonra başladı. Əhalinin kənd İcra nümayəndəsi Vadim Əmiraslanova və bələdiyyənin sədri Nəzakət Mansurovaya müraciətləri ictimai fəal və kənd bələdiyyəsinin sədr müavini Arzuman Xasməmmədlini hədəfə çıxarmış oldu.
Belə ki, hər iki səlahiyyətli vəzifə sahibi əhaliyə zibilin ərazidən təmizlənməsinə cavabdeh şəxs kimi bələdiyyə sədrinin müavini, 9 aydan bəri əməkhaqqı üzünə həsrət qalmış Arzuman bəyi ünvan göstərdilər və bu məsələnin həllində ona hər hansı təşkilati, texniki və maddi yardım etməkdən imtina etdilər. Uzun zamanlardan bəri əraziyə atılmış yüz tonlarla zibilin təmizlənməsini təmin etmək imkanı xaricində olduğundan Arzuman bəy icra başçısının qəbuluna getmək zorunda qaldı. Problemin yaranmasının əsl səbəblərinin onun tərəfindən Babaşovun diqqətinə çatdırılması və ərazinin zibildən təmizlənməsi məqsədilə texnika ayrılmasına ehtiyacın olduğunu söyləməsi Rəcəb Babaşovun xoşuna gəlmədi və o, çox kobud, təhqiramiz şəkildə otaqdan qovuldu.
Məsələ kənd ictimaiyyəti səviyyədə daha mübahisəli və ciddi xarakter aldığı üçün Arzuman bəyin Babaşovla təkrar görüşmək təşəbbüsləri ikinci şəxs tərəfindən rədd edildi.
Problem ictimai xarakter aldığı üçün təxminən 20 gün əvvəl əraziyə sosial media və internet tv nümayəndələri səfər etməli oldular. Ərazidən canlı yayım açaraq İcra başçısının diqqətini məsələyə cəlb etməyə çalışdılar. Bu məqsədlə kənd əhalisi ilə birlikdə Arzuman bəy də müsahibə verərək problemin yaranma səbəblərinin əsl mahiyyətini açıqlamış oldu.
Bu problemin ictimailəşməsindən və əsas səbəbkar kimi Babaşovun adının hallanmasından sonra İcra başçısı Arzuman bəyi qəbuluna çağıraraq hədələyib, onu cəzalandıracağını diqqətinə çatdıraraq dəlixanaya saldıracağını bildirib.
Xəbərdarlıqdan sonra ərazidəki zibil bir-neçə gün müddətində Rəcəb Babaşovun tapşırığı ilə yandırılıb, zibilin yanmayan hissəsi isə əraziyə cəlb edilən texnikalarla quyular qazılaraq basdırılıb.
Bu müddətdə isə icra başçısının birinci müavini Məmməd Əliyevin rəhbərliyi, icra nümayəndəsi Vadim Əmiraslanovun, bələdiyyə sədri Nəzakət Mansurovanın iştirakı ilə Babaşova "şər atdığı" səbəbiylə Arzuman bəyə qarşı qarayaxma kampaniyası başladılıb. Zibilxana təmizlənəndən bir gün sonra Arzuman bəy Qazax Rayon Polis Şöbəsinə dəvət olunub və dərhal məhkəməyə aparılaraq psixi problemlərinin olduğu əsas gətirilərək "müalicə üçün" məcburən Qazax Rayon Ruhi Xəstəxanasına yerləşdirilib.
Ədalət Yusub
P.S. Belə bir xoşagəlməz hadisənin baş verməsini ölkənin müvafiq qurumları obyektiv araşdırıb əsl həqiqətləri aşkar etsələr, yəqin ki, dövlətimizin adına xələl gəlməz.
Yazıda adıçəkilən vəzifə sahiblərinin də mövqelərini dinləməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?