Bu sətirlərin müəllifi bir qərinə əvvəl – Milli Mətbuatın 122-ci ilində qəzetçiliklə məşğul olmağa başlayanda, Azərbaycanda senzura rejimi hökm sürürdü. Həmin o çətin dövrdə işləmək o qədər də asan deyildi. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan mətbuatı öz inkişaf dövrünə yalnız mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində qədəm qoydu. Biz mətbuat işçiləri də azad sözün və müstəqil mətbuat yayımının genişləndirilməsi üçün əlimizdən gələni edirdik. Yayım sektorunu böyütdükcə redaksiyaların da vəziyyəti stabilləşirdi. Bir sözlə, Azərbaycan mətbuatını yüksək səviyyədə inkişaf etdirdikcə, böyük tirajlar da əldə edirdik. Bu nailiyyətlərə baxmayaraq, ağlımıza belə gəlməzdi ki, cənab İlham Əliyev hakimiyyəti dönəmində əzab-əziyyətlə ərsəyə gətirdiyimiz müstəqil və azad mətbuata qənim kəsilənlər də olacaq. Dövlətin informasiya siyasətini yürütməklə vəzifələndirilmiş şəxslər həqiqətin deyil, ədalətin deyil, korrupsionerlərin, oliqarxların mənafeyinə xidmət edərək müstəqil mətbuatı tədricən sıxışdırıb meydandan çıxardılar. Bir zümrə jurnalisti mükafatlandırıb boyunlarına minnət qoydular, dil-ağzını bağladılar. Digər qismini şərləyib zindana atdılar. Üçüncü qisim xaricə mühacirət etdi. Qalanları da ya sahədən uzaqlaşdılar, ya da de-fakto son günlərini yaşamaqdadırlar. Bu köntöy siyasətin məntiqi nəticəsi kimi bu gün heç birbaşa dövlətdən maliyyələşən media qurumlarının da vəziyyəti qənaətbəxş deyildir. Nüfuzlu dövlət nəşrlərinin işçiləri aylardır maaş ala bilmirlər, ölmüş qohum-əqrəbasına başsağlığı dərc etdirmək üçün redaksiyaya gələnlərin ciblərini güdürlər. Bəs nə bilmişdilər? – Müstəqil mətbuatın məhvində iştirak edəndə nəzərə almalıydılar ki, bu səmim yeli onların da qapısını döyəcək.
Bu gün Həsən bəy Zərdabi sağ olsaydı deyərdi ki, "tüpürüm sizin media siyasətinizə!"
Ruhun şad, məkanın cənnət olsun, Həsən bəy!
Mətbuatın məhv edildiyi dönəmdə dövlət büdcəsinin imkanlarından istifadə edib mətbuat bayramı keçirənlərə Həsən bəy Zərdabinin haqqı halal olmasın!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?