Senator Luqar Amerika-Azərbaycan münasibətləri və energetika haqqında qanun layihəsi hazırlayıb
gundemxeber.az Məşhur amerikalı senator, respublikaçı Riçard Luqar həmkarlarını və ABŞ hökumətini Azərbaycan hökumətini və SOCAR-ı “gələcəkdə anlaşılmazlıqları minimuma endirmək üçün Şahdəniz yatağı və digər işlənən yataqlarla bağlı texniki və istismar məsələlərini daha fəal müzakirə etməyə” çağırıb. Turan-ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu barədə Luqar bu yaxınlarda Senatın beynəlxalq münasibətlər Komitəsində dinləmələr zamanı bildirib. O, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin oktyabrda BP-ni çoxsaylı səhvlərdə, qeyri-effektiv neft hasilatında və bunun nəticəsində hasilatın və gəlirlərin azalmasında ittiham etməsindən sonra Azərbaycan hökuməti və BP arasında mübahisələrlə bağlı narahatlığını bildirib. Hər iki tərəfin ritorikasında siyasi elementlər var idi və bu hal Şahdəniz-2 layihəsinə təsir göstərə bilər (investorlar etimadı itirərsə), Türkmənistan isə Transxəzər layihəsi üzrə əməkdaşlığa şübhə ilə yanaşacaq, deyə Luqar yeni qanun layihəsini təqdim edərkən bildirib. “Bu sənəd kritik bölgələrdə enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək”, deyə o qeyd edib. Bir qrup konqresmenin Bakıya səfəri zamanı Cənubi Qafqaz boru kəmərinin Şahdəniz-2 çərçivəsində daha böyük həcmdə qaz nəqli üçün zəruri olan müasirləşdirilməsi variantları ilə bağlı da BP və SOCAR arasında belə mübahisə olub. “Cənubi Qafqaz boru kəməri ətrafında mübahisə həll edilsə də, texniki fikir ayrılıqlarının BP və SOCAR arasında asanlıqla böhrana səbəb ola biləcəyi faktı narahatlıq üçün səbəb və bir sıra investisiya layihələri üçün təhlükədir”, deyə Luqar qeyd edib. Luqarın qanun layihəsinin mahiyyəti açıqlanmır, lakin bir sıra mənbələrdən Turan-a verilən məlumata görə, qanun layihəsi “Azərbaycanın energetika sahəsində iştirak edən beynəlxalq şirkətlərin rəqabətini sağlamlaşdırmaq və gələcəkdə mümkün mübahisə və fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi daşıyır”
Sorğu
Yeni dizaynımız necədir?