“Yüksək vəzifəli xadimlərin öz dəyərlərini nə müqabilində satmağa hazır olduqlarını bilmək istəyirsinizsə, bu, adətən on minlərlə dollardır...Azərbaycan xalqına keçmiş məşhur hökumət məmurlarının Bakıdakı konfransda çıxışını dinləməsi məhz bu qiymətə başa gəlir. Həmçinin, birinci siniflə uçuşlar ödənilir” Azərbaycan yüksək vəzifəli Amerika məmurlarının, siyasətçilərin və qanunvericilərin ölkəyə səfər etməsi üçün fəal şəkildə səy göstərir, baxmayaraq ki, Ağ Ev və Konqres uzun illər əvvəl yüksək vəzifəli şəxslərə xarici qüvvələrin maliyyələşdirdiyi səfərləri qadağan edib. Bakıda Barak Obamanın keçmiş müşavirlərinin və yüksək vəzifəli Konqres üzvlərinin iştirakı ilə Azərbaycan hökuməti tərəfindən təşkil edilən tədbirlər bu səfərlərdən onları öz tərəflərinə çəkmək üçün istifadə ediləcəyi ilə bağlı narahatlıqları nəzərə çarpdırır... Prezident Obamanın üç keçmiş müşaviri Devid Plaff, Cim Messin və Robert Gibbs kmüdafiə nazirinin keçmiş müavini Pol Vulfovits, keçmiş senator-respublikaçı Riçard Luqar da daxil olmaqla, onlarla digər iştirakçı ilə birlikdə mayın 29-da Azərbaycan dövlət neft şirkəti tərəfindən maliyyələşdirilən Azərbaycan-Amerika Forumunda çıxış ediblər. Bu, ölkənin hakim partiyasının sədr İlham Əliyevi üçüncü dəfə prezidentliyə namizəd olaraq irəli sürməsindən bir neçə gün əvvəl baş verib... “Yüksək vəzifəli xadimlərin öz dəyərlərini nə müqabilində satmağa hazır olduqlarını bilmək istəyirsinizsə, bu, adətən on minlərlə dollardır...Azərbaycan xalqına keçmiş məşhur hökumət məmurlarının Bakıdakı konfransda çıxışını dinləməsi məhz bu qiymətə başa gəlir. Həmçinin, birinci siniflə uçuşlar ödənilir”, deyə ABŞ Senatının veteranı anonimlik şərtilə Turan-ın Vaşinqton müxbirinə müsahibəsində bildirib. Azərbaycan-Amerika Forumunda iştirak etmək təklifini rədd edən senator imtinanın səbəbi kimi ölkədə insan hüquqlarının vəziyyətinin pis olmasını və hökumətin avtoritar olmasını göstərib. “Diktatorların lobbiçiliyinə birbaşa cəlb olunmadan pul qazanmağın bir çox başqa yolları var...”, deyə o bildirib. “Bakıdakı tədbirə yüksək vəzifəli məmurlar gedib və onların hamısına sərf etdikləri vaxta və uçuşlara görə yaxşı kompensasiya ödənilib. Bu, bizim diplomatiyamız üçün biabırçılqıdır və gələcəkdə təkrarlanmamalıdır”. Bakı forumunda iştirak edən bir neçə Konqres üzvü Turan-ın müxbiri ilə söhbətdə səfərlərinin pulsuz olmadığını inkar etməyiblər, lakin onların bəziləri səfərlərinin sponsorunun “Azərbaycan hökuməti ilə heç bir əlaqəsi olmadığını” iddia ediblər. Eyni zamanda, Konqresin məlumatlarının yer aldığı LegiStorm veb-saytı sübut edir ki, Konqresin ən az dörd üzvünün: Danni Devis (Danny Davis), Cim Bridenstayn (Jim Bridenstine), Ruben Hinoxos (Ruben Hinojos), Henri Kuellar (Henry Cuellar), həmçinin onların bir neçə köməkçisinin səfəri Hyustonda yerləşən Turquoise Council of Americans and Eurasians Azərbaycan lobbi qrupu və Türkiyə-Amerika Ticarət Palatasının törəmə qurumu kimi tanınan Turkish American Federation of Midwest şirkəti tərəfindən ödənilib. Bu yaxınlarda Turan-a müsahibəsində American Enterprise İnstitute-un əməkdaşı, Bakıdakı forumun moderatorlarından biri olan Maykl Rubin bildirib ki, tədbirin real sonsoru SOCAR – ölkənin dövlət neft şirkətidir, bir halda ki, bir neçə Azərbaycan və Amerika şirkətləri daha az maliyyə töhfəsi verib. “Turquoise Council of Americans and Eurasians təşkilatı konfransa heç bir maliyyə vəsaiti verməyib. Onları sponsorlar konfransın təşkilatçısı qismində tutub ki, istədiyi şəxsləri dəvət etsin, gediş-gəlişləri təşkil etsin və digər logistika məsələlərini həll etsin. Eyni zamanda, sponsorların, məsələn, Azərbaycanda Amerika Ticarət-Sənaye Palatasının yerinə Turquoise Council-I tutmaq qərarı şübhə doğurur”, deyə Rubin bildirib. Hər iki təşkilatın – Türkiyə-Amerika Ticarət Palatasının və Turquoise Council of Americans and Eurasians-ın nümayəndələri Azərbaycan hökuməti ilə əlaqələri və Bakı Forumunda iştirakları haqqında Turan-ın müxbiri ilə danışmaqdan imtina ediblər. Lakin yerli KİV bildirib ki, Türkiyə-Amerika Ticarət Palatası Turquoise Council of Americans and Eurasians tərəfindən maliyyələşdirilir və hər iki qrupun məşhur Türkiyə imamı Fetullah Gülenle bağlıdır. Turan-ın müxbiri Carnegie Endowment for International Peace fondunun Yaxın Şərq proqramı üzrə elmi əməkdaşı, 1990-cı illərdən etibarən “Gülençilər” mövzusunu tədqiq edən Bayram Balcıdan Azərbaycan hökumətinin ABŞ-da, həmçinin Qafqazda və Mərkəzi Asiyada xeyriyyə məktəbləri açmış Türkiyə imamı ilə mümkün əlaqələri ilə bağlı soruşub. “Bu əməkdaşlıq Azərbaycan hökumətinin mövqeyi və F.Gülen hərəkatının strategiyası üçün kifayət qədər klassik və adi haldır”, deyən Balcı qeyd edib ki, Amerika məmurlarının Azərbaycana, eləcə də Türkiyəyə turlarını təşkil etməklə, Gülenin dəstəklədiyi assosiasiyalar “biznes, təhsil və hətta lobbiçilik sahəsində hər iki ölkə ilə əməkdaşlığı inkişaf etdirmək” məqsədinə xidmət edir. Gülençilər nöqteyi-nəzərdən Balcı deyib ki, “onların bu əməkdaşlıqda iki marağı var: bir tərəfdən onlar Azərbaycan və Türkiyə qardaşlığını möhkəmləndirir, digər tərəfdən isə Azərbaycanda biznes və təhsil sahəsində öz maraqlarını möhkəmləndirir”. Azərbaycan tərəfə gəlincə, o əlavə edib ki, Əliyev hökuməti “bilir ki, ABŞ-da Türkiyə lobbisi yaxşı təşkil edilib və bu əməkdaşlığın rifahı üçün Türkiyə-Azərbaycan qardaşlığından istifadə etmək istərdi”. “Azərbaycan hökuməti türk lobbiçi qruplarından, xüsusən Gülendən və başqalarından ABŞ və Azərbaycan arasında əlaqələri gücləndirmək üçün istifadə etməyə çalışır”, deyə Balcı qeyd edib. Lakin sual ondadır ki, Amerika siyasi elitasının hazırki və keçmiş üzvlərinin belə konfranslarda yaxşı ödənilmiş iştirakı həqiqətən ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına xidmət edir? Bakıda tədbir Azərbaycan hakimiyyətinin Milli Demokratiya İnstitutunun (NDİ) yerli şöbəsini qanunsuz maliyyə əməliyyatlarında ittiham etməsindən bir neçə həftə sonra baş tutub. Bir halda ki, ölkədə çoxları hesab edir ki, real problem bu təşkilatın açıq-aşkar hökuməti tənqid etməsi idi. Twitter –də Bakı konfransı haqqında tvitində məşhur Amerikalı senator və keçmiş prezidentliyə namizəd Con Makkeyn qeyd edib ki, hətta “Azadlıq radiosu / Azad Avropa” Bakıda qadağan edilib (1 yanvar 2009-cu ildən yerli FM-tezliklərdə yayım dayandırılıb – red. qeydi). “Yaxşılığı yaxşı etmək lazımdır!”, deyə senator yazıb. Cənab Rubinin fikrincə, “təkcə Demokratların deyil, Respublikaçıların da dəvət edilməsi” Bakıdakı tədbirin təşkilatçıları tərəfindən atılmış ağıllı addım idi, “belə ki, Vaşinqtonda Azərbaycanın maraqları siyasiləşdirilməməlidir”. “Dostlar qazanılması Amerika diplomatiyasına təsir edə bilər... Unutmayın: Dövlət Departamenti siyasəti həyata keçirir, amma çox vaxt bu siyasəti konqres yaradır”, deyə o, Turan-ın müxbirinə bildirib. Bu ay Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşündə ABŞ dövlət katibi Con Kerri Azərbaycanla bağlı sonuncu bəyanatında ölkədə insan hüquqları və demokratiya mövzusuna çox qısa və ötəri toxunub. Turan-ın müxbiri bu yaxınlara qədər Tsürixdə İSN (Beynəlxalq münasibətlər və təhlükəsizlik şəbəkəsi) Cənubi Qafqaz üzrə müxbiri olan, Gürcüstan, Azərbaycan və ABŞ universitetlərində beynəlxalq münasibətlərdən dərs deyən analitik Karl Raderə (Karl Rahder) belə bir sual verib: dövlət katibinin bəyanatlarının, habelə yüksək vəzifəli Amerika siyasətçilərinin səfərlərinin “ölkədə seçkilərə bir neçə ay qalmasına baxmayaraq, ABŞ-ın Azərbaycanda nə baş verdiyi ilə az maraqlandığını” göstərir? “Hələlik bu barədə danışmaq tezdir, amma şübhəsiz, Con Kerrinin ABŞ tarixində dahi dövlət katibi olmaq üçün potensialı var... Mən onun Vaşinqtonda hazırlanmış bəyanatında dediklərinə həddindən artıq diqqət yetirmək lazım deyil, ABŞ-ın Qarabağ məsələsinin ədalətli həllini istəməsi ilə bağlı dedikləri istisna olmaqla. Bunda təəccüblü heç nə yoxdur...”, deyə o qeyd edib. “Şəxsən mən Məmmədyarovun Kerri ilə görüşü və İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi arasında mümkün əlaqə ilə bağlı istənilən spekulyasiyalara ciddi yanaşmazdım. ABŞ-ın Bakıda daxili siyasi qərarlarla bağlı bir növ veto hüququna malik olması haqqında fikir yayılıb, bu, mənə həmişə qəribə gəlir”, deyə o əlavə edib. Lakin analitiklərin fikrincə, görünür, Vaşinqton Azərbaycanda bu yaxınlardakı iğtişaşları diqqətə alıb. “Məsələn, mənə deyiblər ki, Dövlət Departamentinin region üzrə mütəxəssisləri apreldə Əli Kərimlinin aprtiyası adından Vaşinqtona qısa səfər edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının mövqeyini dinləməkdə çox maraqlı idi... Həmçinin başa düşürəm ki, Azərbaycanın müxaif koalisiyası olan Demokratik Qüvvələrin Milli Şurasının lideri Rüstəm İbrahimbəyov bu həftə Vaşinqtondadır və Konqresdə və Departamentdə görüşlər keçirir”, deyə o bildirib. “Bütün bunlar o demək deyil ki, Vaşinqton kiminsə tərəfini tutur və ya artıq hansısa nəticələrə gəlib, amma ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycanda vəziyyət narahatlıq doğurur. Amerikalılar qeyri-adi hal baş verəcəyi və müxalifətin namizədi oktyabr seçkilərində qələbə qazanacağı və ya inqilab baş verəcəyi təqdirdə, ki, zənnimcə bunda daha az gerçəklik payı var, öz variantlarını ölçüb-içirlər”, deyə o bildirib. Bu arada, Rader əlavə edib: “Biz Vaşinqtondan Azərbaycanda insan hüquqlarının güclü şəkildə müdafiəsini gözləməməliyik. “Rüstəm İbrahimbəyov seçki kampaniyasına başladıqda və seçkilərə bir neçə ay qalmış seçicilərlə görüşməyə başladıqda gərginlik arta bilər. Lakin mən Ağ Evin və səfir Morninqstarın xeyli uzaq duracağını və ATƏT-ə seçki prosesi haqqında danışmağa imkan verəcəyini gözləyirəm, belə ki, onlar müşahidəyə buraxılıb”, deyə o fikrini tamamlayıb. Ələkbər Raufoğlu, Vaşinqton, Kolumbiya vilayəti
Sorğu
Yeni dizaynımız necədir?