Dekabr ayinda təkrar mənzil bazarinda nisbi aktivlik müşahidə olunub
Dekabr ayında Təkrar Mənzil Bazarında (TMB) aktivlik nisbətən artmış, orta qiymət isə dəyişməz olaraq qalmışdır. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda TMB-da orta qiymət indeksi təxminən 1kv/m üçün-1020 ABŞ dollarından daha yuxarıdır. Dekabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Nərimanov, Nəsimi və Yasamal rayonları olmuşdur. Bu rayonların ən vacib cəhəti şəhərin mərkəzinə yaxınlığı və qiymətlərin ipoteka şərtlərinə daha münasib olmasıdır. Ay ərzində təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1020 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.79, hər otağın orta satış qiyməti 44130 ABŞ dolları, mənzilin orta qiyməti isə 110846 ABŞ dolları təşkil edib. Ümumilikdə 2012-ci il ərzində təkrar mənzil bazarında qiymətlər 6,8% artıb. TMB-da qiymət dəyişikliyi fevralda-2,1%, noyabrda-5% artımla, iyulda isə-1,4% ucuzlaşma ilə müşahidə edilmişdir. Digər aylarda isə qiymətlər əsasən sabit olaraq qalmışdır. Ekspertlər dekabr ayında aktivliyin nisbətən artmasını əsasən ipoteka krediti bazarının işləməsi, tikinti şirkətlərinin kredit portfelinin həcmini artırmaları, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nəğd vəsaitlər əldə edən əhalinin bu seqmentə marağının güclənməsi kimi səbəblərlə əlaqələndirirlər. Lakin qeyd olunan səbəblərin bazardakı aktivliyə uzun müddət təsir edə bilməyəcəyi vurğulanır. Mütəxəssislər 2012-ci il ərzində bazarda nisbi sabitliyin müşahidə edilməsinə baxmayaraq, hələ də TMB-da təklif olunan mənzillərin normal bazaq qiymətlərindən baha olduğunu qeyd edirlər. Yaxın günlərdə bazarda nisbi aktivliyin müşahidə ediləcəyi, qiymətlərin isə əsasən sabit qalacağı proqnozlaşdırılır. Dekabr ayında Respublikanın digər iri şəhərlərində də qiymətlərdə dəyişiklik qeydə alınmamış və ümumi sabitlik müşahidə edilmişdir. “Turan”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?