Xətai, Yasamal, Nizami və Nərimanov rayonları seçilir
Bakıda ev almaq üçün cəlbedici rayonların siyahısı açıqlanıb.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, 2013-cü ilin iyun ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında may ayı ilə müqayisədə 1.7% artım müşahidə edilib. Əqdlərin dinamikasının artması təkrar mənzil bazarında dinamikanın artımı və ipoteka kreditləşməsinin aktivləşməsi ilə bağlı olub. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub.
İyun ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal, Nizami və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edib. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə yaxınlığı ilə də bağlıdır.
Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.
İyun ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı, otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərtdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,0% təşkil edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?