“Söküntü “Komsomol” dairəsindəki “Aydınbəyov” və “Əsədullayev” küçələri üçün nəzərdə tutulub. Bizə tapşırlıq verilib, həmin ərazinin qeydiyyatını aparmışıq. Nəticələr hazırlayıb bu gün ya da sabah İcra Hakimiyyətinə göndərəcəyik. İcra Hakimiyyəti də öz növbəsində yoxlama apardıqdan və Prezident Administrasiyası ilə məsləhətləşəndən sonra söküntü üçün komanda nə vaxt veriləcəksə, o zaman da işlərə başlayacaq”. Bunu mətbuata açıqlamasında Sabunçu rayonu İcra Hakimiyyətinin Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin müavini Ziyəddin Tağıyev bildirdi. “Hər bir vətəndaşa kompensasiya veriləcək. Yaşayış evindən tutmuş toyuq hininə qədər kimin nəyi varsa, hamısının qeydiyyatı aparılıb. Dəqiqləşməsə də, kompensasiyaların məbləğinin hər kv.metrə görə 1020 manat olacağı deyilir. Amma bu, dəqiq rəqəm deyil, ola bilər ki, məbləğ dəyişsin. Pul verən tərəf biz olmadığımız üçün bunu dəqiq deyə bilmərəm. Bunun üçün düşünürəm ki, ekspetlərlə vətəndaşların ümumi razılığı əsasında məbləğ müəyyən olunacaq. Vətəndaş razılaşandan sonra onunla müqavilə bağlanacaq və köçmək üçün vaxt veriləcək. Hər bir vətəndaşın evinə gedib onlarla söhbət edib, vəziyyəti başa saldıqdan sonra qeydiyyat aparırıq. Bu da yalnız vətəndaşın iştirakı ilə həyata keçirilir. Çünki, biz buna cavabdehlik daşıyırıq. Hələlik şikayət yoxdur. Çox güman ki, kompensasiyaları Maliyyə Nazirliyi ödəyəcək”. İcra nümayəndəsinin müavini deyib ki, söküldükdən sonra həmin ərazidə çoxmərtəbəli evlər tikiləcək.“Həmin sahə aeroportdan başlamış Prezident İqamətgahına qədər abadlaşdırılacaq ərazilərə daxildir. Bu işlər aparılmalıdır”. Ziyəddin Tağıyevin sözlərinə görə, söküləcək tikililər arasında həm fərdi, həm də dövlət qeydiyyatında olan evlər var. “Fərdi evlərdən 115 ailənin köçürülməsi nəzərdə tutulub. Nəzərinizə çatdırım ki, həmin ərazidə həm xüsusi təyinatlı, həm də İcra Hakimiyyətinin balansında olan Mənzil İstismar sahələri (MİS) var. MİS-lərin balansında olan evlərin qeydiyyatı onların özləri tərəfindən aparılır. Bütün evlərə heç bir ayrı-seçkilik edilmədən, ümumi sahə əsas götürülməklə, təmir olunub-olunmadığı nəzərə alınmadan kompensasiyalar veriləcək. Kimin ki, torpağı özəldir, şəhadətnamasi var, ona da kompensasiya veriləcək. Qeyd edim ki, orada hətta üçmərtəbəli şəxsi mülklər var ki, ərazisi 900, 980 kvadratmetrdir. Onlara da kompensasiyalar veriləcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?