“Keçmiş “Sovetski” küçəsi və digər ərazilərdə söküntü və layihələndirmə işləri pərakəndə aparılmamalıdır”.
Bunu AzNews.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib.
C. Qocayev bildirib ki, Bakının mərkəzi hissəsinin 1550 hektar ərazisinin müfəssəl planı icra üçün təqdim olunub: “Bu planda 2030-cü ilə qədər paytaxtın mərkəz hissəsi müasir tələblərə uyğun abadlaşdırılması nəzərdə tutulur.
Həmçinin keçmiş “Sovetski” küçəsi də daxil olmaqla, əsas etibarı ilə ərazidə yaşayış üçün münasib olmayan tikililərin sökülməsi nəticəsində, yaşıllıqların, ictimai mərkəzlərinin salınması nəzərdə tutulur. Bu da nəticədə insanlar üçün sağlam və təhlükəsiz şəraitin yaradılması deməkdir. Amma bütün bu işlərdə ən əsası texnoloji prinsiplərin gözlənilməsi çox vacibdir”.
Komitə rəsmisi vurğulayıb ki, sözü gedən ərazilərin hansısa birində söküntü aparılıb, işlər görüləcəksə, ilk öncə onun layihəsi hazırlanmalıdır:
“Bu iş Şəhərsalama və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq görülməlidir. Bu məcəlləyə görə yerli icra hakimiyyəti tərəfindən işçi layihəsi hazırlanaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunmalıdır. Bundan sonra hər hansı işin həyata keçirilməsinə başlanılmalıdır”.
C. Qocayev bildirib ki, bu günə kimi, yerli icra hakimiyyətləri tərəfindən layihə təqdim edilməyib: “Bu gün icra hakimiyyəti orqanları dədə-baba qaydası ilə iş görürlər. Belə də olanda bəzi vətəndaşlar dövlət orqanlarının işindən narazı olur. Əslində isə bu işlərə qanunvericiliyin tələblərinə peşəkarcasına yanaşmaq təşkil edilməlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?