Bu gün dünya mediasının əsas xəbəri neftin qiymətlərinin kəskin enməsi və bunun Rusiya kimi neft ölkələrinə təsiri barədədir.
Virtualaz.org saytı xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məqaləsində Nyu-York birjasında dünənki hərracda neftin birdən-birə 4 dollar ucuzlaşması xatırladılır.
Qəzet yazır ki, bəzi analitiklər qiymətin daha 10 dollar aşağı enəcəyini proqnozlaşdırır. Bunun əsas səbəbi dünyada neftə olan tələbatın azalması, neft hasilatının isə əvvəlki səviyyədə qalmasıdır.
“Citigroup”dan analitik Ed Mors deyir ki, gələn il ABŞ-da neft hasilatı yenidən artacaq və nəticədə gələn də neftin qiymətinin aşağı olacağı qaçılmazdır.
OPEK isə hasilatı azaltmaq istəmir. Səudiyyə Ərəbistanı bazarda payını saxlamaq üçün hasilatı azaltmaqdan imtina edib, İran da neftin aşağı qiymətləri ilə barışmağa hazır olduğunu bildirib.
Xam neftin qiymətinin düşməsi benzini də ucuzlaşdırıb. Qəzet yazır ki, hazırda ABŞ-da parakəndə satışda benzin 15 faizdən çox ucuzlaşıb və orta hesabla bir qallonu 3,17 dollara satılır. Qeyd edək ki, bir qallon 3,8 litrə yaxındır və bu göstərici ilə hesablayanda ABŞ-da benzinin litri 83 sentə, yaxud Azərbaycan valyutası ilə hesablayanda cəmi 65 qəpiyədir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda ən ucuz benzinin litri hazırda 70 qəpikdir, 95 oktanlı benzin isə 1 manata yaxındır.
İqtisadçı Bretta Rayan deyir ki, ABŞ-da benzinin 1 sent ucuzlaşması amerikalıların enerjidaşıyıcılarına illik xərclərinin 1 milyard dollar azalması deməkdir.
Doğrudur, bu qənaət ÜDM-in artımına səbəb olmur, lakin amerikalı istehlakçılar və şirkətlər üçün olduqca sərfəlidir.
Bəs neftin ucuzlaşması dünya ölkələri üçün hansı nəticələr meydana çıxaracaq?
Qəzetin yazdığına görə, Venesuela kimi neft ölkələrində siyasi böhran mümkündür. Bu ölkədə onsuz da dollar qıtlığı hökm sürür, dollar tapa bilməyən iş adamları ölkəyə ərzaq, avtomobil və digər tələbat malları idxal edə bilmir.
Lakin Yaponiya, Cənubi Koreya və Tayvan kimi ölkələrin iqtisadiyyatları bu ucuzlaşmadan yəqin ki, udacaq. Çünki bu ölkələr enerjidaşıyıcılarında idxaldan asılıdır.
Hazırda iqtisadi artımın zəiflədiyi Çin üçün də neftin ucuzlaşması sərfəlidir. Çünki bu ölkə də neftə tələbatını əsasən idxal hesabına ödəyir.
Hindistan da ucuzlaşmadan sevinir, çünki hökumət enerjidaşıyıcılarının qiymətini aşağı saxlamaq və beləliklə inflyasiyanı cilovlamaq üçün nəhəng subsidiyalar ayırmalı olur.
Rusiya Mərkəzi Bankı isə neftin qiymətinin 60 dollara enməsi halına qarşı “şok ssenarisi” hazırlayır. İqtisadçılar deyirlər ki, neftin ucuzlaşması Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Onsuz da bu il Rusiyada iqtisadi artım 0,5 faizdən çox olmayacaq.
Aparıcı rusiyalı siyasətçilər və top-menecerlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı Rusiya iqtisadiyyatına və Putinə zərbə vurmaq üçün nefti ucuzlaşdırır.
Neftin ucuzlaşması hasilatçı şirkətlərə də ciddi zərbədir. Bundan iri Qərb neft şirkətləri ciddi ziyan çəkəcək. “Bernstein” şirkətinin hesablamalarına görə, “Royal Dutch Shell” və BP kimi iri şirkətlərin neftdən qazanc götürməsi üçün qiymət heç cür 85 dollardan aşağı olmamalıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?