Yenə də vətəndaşlar incidilir, onların işi həll olunmur, yerlərdə camaatdan rüşvət yığılır
Əlillik dərəcəsi ala bilməyənlər, evsiz qalan Qarabağ veteranları, ünvanlı sosial yardımdan məhrum olanlar...
...İçəridə böyük qarmaqarışıqlıq, səs-küy var. Burada “ağız deyəni qulaq eşitmir”. Otağa kimin girib, kimin çıxdığına da əhəmiyyət verən yoxdur. Əksəriyyət peşman, məyus halda geri qayıdır. Kimisi mübahisə edir, kimisi prezidentə şikayət edəcəyini deyir, kimisi də bezdiyini, özünü yandıracağını söyləyib qapını çöldən çırpıb gedir.
“Balıq başdan iylənər”
Mənzərə tanışdır. Ancaq şahidi olduğumuz bu situasiyadan çıxan ilk nəticə budur: “Belə atanın elə də oğulu olmalıydı. Atası insanlara necə münasibət göstərirsə, oğul da ondan örnək götürür”. Söhbət ötən ayın “qiyamçı” nazir balası Vüqar Ələkbərovdan gedir. Son günlərin diqqət mərkəzində olan Ələkbərovlar klanı heç şübhəsiz ki, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini gündəmə gətirdi. Görəsən, əmək nazirliyində vəziyyət necədir? Vətəndaşları qəbul şöbəsində razı salırlarmı? Əhali əsasən nədən şikayətlənir? Onlar nazir oğlunun İsmayıllı “macəraları” barədə nə düşünür? Suallarımıza ƏƏSMN-nin qəbul şöbəsində cavab tapmağa çalışdıq. Ondan başlayaq ki, bu nazirliyin hakimiyyətin korrupsiya və rüşvət yuvalarından biri olduğu sirr deyil. Bunu rəsmi statistika da təsdiqləyir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarına nəzər yetirəndə məlum olur ki, rüşvət faktına görə həbs olunan məmurların çoxu bu qurumda çalışıblar. İndinin özündə də “həftə səkkiz, mən doqquz” ictimaiyyətin “gözündən pərdə asmaq” xətrinə bir rüşvətxor məmur qandallanıb həbsə atılır. Amma çoxdan söylənmiş “balıq başdan iylənər” deyimi göstərir ki, əmək naziri Füzuli Ələkbərovun rəhbəri olduğu müəssisədə problem olduğu kimi qalıb.
“Bunların abır-həyası olsaydı...”
Yenə də vətəndaşlar incidilir, onların işi həll olunmur, yerlərdə camaatdan rüşvət yığılır. Xaçmazdan gələn 64 yaşlı Rəfiqə İsmayılova əlillik pensiyasını ala bilmir. Deyir ki, rayonda süründürməçilikdən təngə gələrək Bakıya üz tutub: “Gəlmişəm ki, bəlkə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dərdimə çarə oluna. Əllilik pensiyası almaq üçün gərək adam bir də əlil olsun. Bunlara heç nə sübut eləmək olmur. Çünki sübut yox, pul istəyirlər”. Masallıdan gələn Nazilə Qurbanova isə qardaşı Firudin Abbasov üçün ev istəyir: “Qardaşım 2-ci qrup Qarabağ əlilidir. Növbədəyəm, ev gözləyirəm. Ancaq neçə vaxt keçib növbə gəlib çatmayıb. Bizdən siyahıda sonra olanlar artıq mənzil ala biliblər. Belə çıxır ki, rüşvətlə işi həll ediblər”. 43 yaşlı Abidin Əliyev isə xalqı təhqir edən adamların ümidinə qaldığımızı deyir: “Bunların abır-həyası olsaydı istefa verib gedərdilər. Zəli kimi xalqın qanının içirlər, hələ bir camaatın ana-bacısını da təhqir edirlər. Belələrindən nə kömək ummaq olar? Çarəsizlikdən gəlmişəm. Neçə vaxtdır ki, ünvanlı sosial yardım ala bilmirəm. Özüm fəhlə işləyirəm. Ailəmin 6 üzvü var. Yoldaşım xəstədir. Uşaqlara baxa bilmir, nənəsi qayğılarına qalır. Mən də günü 15 manata işləyən fəhlə babayam. Dolana bilmirik. Ünvanlı sosial yardım bizə düşür. Ancaq məni get-gələ salıblar. Qeydiyyatda olduğum Neftçala rayonunda yerli şöbəyə müraciət edirəm, deyirlər əlin-ayağın sağdır get işlə. Başa düşmürlər ki, bir adam 6 nəfəri dolandıra bilməz. Sonra təklif etdilər ki, gəl 6 ay pul bizim, 6 ay sənin olsun. Mən də razılaşmadım, gəldim bura. Burdan da ad-soyadımı götürdülər, dedilər qayıt rayona. Guya həll edəcəklər”.
İmişlidən gələn Natiq Ağayev də ünvanlı sosial yardım ala bilməməsindən gileylənir: “Allah kasıbın haqqını nahaq adama yedirtməz. Bizim pulların hesabına “Hammer” alanlar, otel tikdirənlərin axırı belə də olur. Gördün necə yandırdılar? Qismət olmadı e. Çünki haram pulla almışdılar. Millət burda gözünü ünvanlı sosial yardıma, qəpik-quruşa diksin, bunlar da orda harınlayıb kef çəksinlər. Axırda hələ xalqı da təhqir etsinlər. Mənim yoldaşım rəhmətə gedib. Üzərimdə 3 azyaşlı uşaq qalıb. Onları saxlaya bilmirəm. Nə edim? Bəs dövlət hara baxır? Dövlət məhz belə gündə mənə sahib çıxmalıdır. Ünvanlı yardıma da, yetimin malına da göz dikiblər. İmişli şöbəsinə nə qədər gedib-gəlmişəm, xeyri olmayıb. Yetimin pulun da bölüşürlər. Mənə deyirlər ki, altı ayı bizim olsun. Bəs nazir hara baxır?”. Qəbul otağında olarkən başqa şikayətçiləri də dinlədik. Onların arasında pensiyalarını ala bilməyənlər də var idi. Həmçinin, müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı, fərdi ev tikintisi üçün növbəyə dayananlar, əlillik dərəcəsinin təyin olunması üçün idarələrdə sürünənlər, məşğulluqla bağlı müraciət edənlərə rast gəldik. Aslan
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?