Saxtakarlıqla ünvanlı sosial yardım alanlar bu statusdan məhrum olacaqlar. Artıq bununla bağlı yoxlamalara başlanılıb.
Qeyd edək ki, ünvanlı sosial yardım (ÜSY) əslində ölkənin kasıb təbəqəsi üçün nəzərdə tutulan kompensasiya olsa da, bundan sui-istifadə edənlər az deyil. Yerlərdə kifayət qədər gəlir mənbəyi olan ailələr arasında da ÜSY alanlar var.
Onu da qeyd edək ki, bu təbəqədən olan ailələrin heç də hamısı ehtiyac içində yaşamır. Onların arasında evə, avtomobilə, yaxşı işə sahib olanlar da var. Buna baxmayaraq, onlar saxta yolla əhalinin aztəminatlı hissəsi kimi ünvanlı sosial yardım alırlar. Təbii ki, bu da yerlərdə sosial müdafiə mərkəzlərinin yardımı ilə gerçəkləşib. Əhalinin bu kateqoriyasına sosial yardım “6 ay sənin, 6 ay mənim” prinsipi ilə verilirdi. Yəni razılaşmaya əsasən, sosial müavinətin 6 ayını bunu rəsmiləşdirən şəxs, yerdə qalan müddəti isə şəxsin özü alırdı. Korrupsiya ilə bağlı ən çox fakt və şikayət də məhz bu sahə ilə bağlı olurdu. Amma nədənsə heç kim saxta yolla əlillik və ünvanlı sosial yardım düzəldənlərin qarşısını ala bilmirdi.
Ancaq Səlim Müslümov nazir postuna təyin olunar-olunmaz bu sahədə ciddi addımlar atacağını bildirdi. O, cəmiyyətdə ən ciddi narazılığa səbəb olan ünvanlı sosial yardım sahəsində nizam yaratmaq və bununla bağlı yeni mexanizm hazırlamaq barədə nazirliyin işçilərinə tapşırıq verdi. Bunun nəticəsi olaraq nazirlikdə ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyyən edilməsini hazırlayan İşçi qrup yaradılıb. Artıq İşçi qrup ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyyən edilməsi ilə bağlı yeni sənədin ilkin layihə forması nazirə təqdim olunub və birgə müzakirə aparılıb.
Hazırda sənəd üzərində təkliflər nəzərə alınmaqla təkmilləşdirilmə işi aparılır. Yeni sənəddə ünvanlı sosial yardımın mövcud qaydaları tamamilə dəyişəcək və yeni format tətbiq ediləcək. Bununla da ölkədə saxta yolla əlillik və ünvanlı sosial yardım alanlar bu statusdan məhrum olacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?