İsmayıllını silkələyən üsyandan bir həftə sonra bir sual ortaya çıxır: bu hadisələr niyə məhz burda baş verdi?
İsmayıllıda əhali ilə polis arasında şiddətli toqquşmalar ilk baxışdan adi bir yol-nəqliyyat hadisəsindən başlayıb. Ehtimal olunur ki, ƏƏSN rəhbəri Füzuli Ələkbərovun oğlu və İsmayıllı RİH başçısı Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərov burda iştirak edib. Sonradan Vüqar Ələkbərovun olduğu deyilən otel yandırılıb, icra başçısının istefası çağırışları ilə nümayiş olub. Polis bunun qarşısını alıb. Xeyli adam həbs olunub, şəhər özü isə ətraf dünyadan təcrid edilib. Hakimiyyət təmsilçiləri bildirir ki, prezident seçkiləri öncəsi baş verən bu hadisələr adı çəkilməyən “xarici güclərin” fitnəkarlığıdır. Bir sıra şərhçilərin fikrincə, bu partlayışın iqtisadi izahı da var. İqtisadçı Kənan Aslanlı hesab edir ki, üsyanın ilkin səbəbi, Marksın təbiri ilə desək, “zəncirdən başqa itirəcəyi bir şey olmayan” insanların qəzəbidir. «İsmayıllı iqtisadi cəhətdən ölkənin ən zəif inkişaf etmiş rayonlarındandır», – deyə Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlı izah edir. Burda orta aylıq maaş 221 manatdır (281,74 dollar), halbuki Bakıda bu rəqəm 517,2 manat (659.38 dollar) təşkil edir. Rəsmi işsizlər 3%-dən azdır, əslində işsizlik qonşu Qəbələdəkindən 4 dəfə çoxdur. Naməlum səbəblərə görə, 2011-ci ildə 788 qeydiyyata alınmış işsizdən cəmi 9 nəfər dövlətdən müavinət alıb. İşsizlərin işə düzəlmə perspektivi yüksək deyil: Dövlətstatkoma görə, 2011-ci ildə şəhərdə 99 yeni iş yeri yaradılıb. İsmayıllıda biznesə kapital qoyuluşu 2007-2011-ci illərdə yarıyacan azalıb, deyə Aslanlı əlavə edir. Regionda xalça, ərzaq və tikinti materialları istehsalı əsasən dövlətin əlindədir. Analitikin fikrincə, İsmayıllıda iqtisadi problemlərin əsas səbəbi «inhisarçılıq, bürokratiya və korrupsiyadır». İqtisadçı və siyasətçi Natiq Cəfərli Aslanlı ilə razıdır. «Regionlar nazir-oliqarxlar arasında bölünüb, – deyə o bildirir. – Onların qohumları və dostları icra başçısı təyin edilir, yerli iqtisadiyyatı inhisara alır, bütün imkanlardan istifadə edirlər». Rayon hakimiyyətinin nümayəndələri hadisələrdə iqtisadi səbəb olması ilə razı deyil. EurasiaNet.org-a qısa müsahibəsində İsmayıllı RİH başçısının müavini Rəfael Əhmədov hiddətlə bildirib ki, iğtişaşların sosial-iqtisadi problemlərlə heç bir əlaqəsi yoxdur. «Bunu kim deyir? Region çiçəklənir. Guya bizdə işsizliyin yükəsk olması barədə deyilənlərlə razı deyiləm», – deyərək o, dəstəyi asıb. Hakimiyyət iğtişaşların katalizatorunun Vüqar Ələkbərov olması barədə deyilənlərlə razılaşmır. Onlar bildirir ki, yandırılan “Çıraq” oteli ona və ya Ələkbərovlar klanından kiməsə məxsus deyil. Bunun sübutu kimi dövlət qeydiyyatı sənədini qaldırıblar. Onlara əsasən, otelin istismar lisenziyası «VAFI Tourism» MMC-yə verilib. Amma otel biznesi Ələkbərovlara yabançı deyil. 28 yanvarda «Real hərəkatı”nın rəhbəri İlqar Məmmədov» öz bloqunda Ələkbərovun Facebook səhifəsinin surətini verib. Orada “Çıraq” otelinin reklamı var. Sonradan bu səhifəni siliblər. 28 yanvarda «Radio Svoboda/Radio Svobodnaya Yevropa» «Radio Azadlıq» məlumat verib ki, , Vüqar Ələkbərovun rəhbəri olduğu digər şirkət «Improtex Real Estate» MMC Starwood Hotels and Resorts Worldwide ilə İsmayıllıda «Şeraton» otelinin tikintisi barədə müqavilə imzalayıb. [Redaktordan: Bu yazının müəllifi «Radio Azadlıq»ın ştatdankənar müxbiridir. «VAFI Tourism» MMC-nin Vüqar Ələkbərovla əlaqəsi, yəqin ki, var. Rəsmi qeydiyyat sənədlərinə görə, Vüqar Ələkbərov eyni adlı 2 şirkətin rəhbəridir: «VAFI Construction» və «VAFI REGION». 30 yanvarda «Bi-bi-si»nin Azərbaycan xidməti məlumat verdi ki, «VAFI Tourism» domeni «VAFI REGION»a məxsusdur. İcra başçısının “Çıraq” otelinin onun ailəsi ilə bağlı olmaması ilə əlaqədar dedikləri yerli sakinlərin qəzəbini azaltmır. «İşsizlik, özbaşınalıq var, qazanc imkanları yoxdur, bu ailə regionu idarə edir, – deyə İsmayıllı Ağsaqqallar Şurasının sədri Heybət Balayev bildirir, – İndi isə bizi təhqir edib susdurmağa çalışırlar». Sakinlərin çoxu Heybət Balayev kimi düşünür və narazılığın səbəbinin işsizlik və korrupsiya olduğunu bildirir. Avtomobil qəzası səbr kasasını doldurdu, deyə onlar izah edir. Adamlar deyir ki, “Çıraq” otelinin sahibi Vüqar Ələkbərovdur və o, hadisə yerində olub. Hələlik hakimiyyət etiraz aksiyası iştirakçılarına cinayət işi qaldırıb və görünür, əhalinin narazılığına reaksiya vermək niyyətində deyil. İsmayıllıdan həbslər və tutulan nümayişçilərə qarşı təzyiqlərlə barədə məlumatlar gəlir. “Human Rayts Votç” təşkilatı 29 yanvar bəyanatında bildirib ki, Azərbaycan hökuməti «İsmayıllıda kütləvi etirazlarla bağlı həbs edilənlərlə düzgün davranmalı» onların ədalətli mühakimə hüququna əməl etməlidir. Hakimiyyət iğtişaşların tənzimlənməsi ilə bağlı ünvanına olan iradlara hələlik etina etmir. Xədicə İsmayılova
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?