Mobil operator «3g Data-kart»larından küitləvi şikayət var
gundemxeber.az Son zamanlar Azərbaycanda mobil rabitə operatorları arasında internet data kartlarının satışı ilə bağlı kampaniyalar artıb. Bu kampaniyalar arasında daha çox «Bakcell»lə, «Azərcell» fərqlənir. Redaksiyamıza «Azercell»in data kartları ilə bağlı olaraq çoxsaylı şikayətlər daxil olmaqdadır. Sən demə «Azercell» şirkəti ondan data kart alan xeyli sayda insanı məhkəməyə verib və yüksək məbləğdə cərimə etdirir. Daxil olan şikayətlərdən məlum olur ki, vətəndaşlar bu şirkətin data kartlarını alandan sonra aylıq abunə ödənişini, yəni 10 manatı ödəyirlər. Qeyd edək ki, «Azercell»in internet data kartları ilə bağlı reklam kampaniyasında göstərilir ki, 10 manatlıq ödəniş 10 QB üçündür. Data kart sahibləri bilirlər ki, onlar aylıq 10 manatlıq 10 QB limiti keçəndən sonra hər QB-a görə əlavə pul ödəməlidirlər. Lakin bu şirkətin data kartlarını alanlar həmin 10 QB-lıq limiti keçmələrinə dair heç bir bildiriş almırlar. Elə problemlər də bundan qaynaqlanır. Məlum olur ki, əslində şirkətin data kartlarını istifadə edənlər iş əsnasında nəzərdə tutulan limiti keçiblər və əlavə olaraq ödəniş etməlidirlər. Bizə müraciət edən və hazırda «Azercell» tərəfindən məhkəməyə verilərək cərimə edilməsi nəzərdə tutulan müştərilər bildirir ki, onlar data kartdan ümumiyyətlə istifadə etməyiblər. 2 aylıq istifadədən və 10 manatlıq ödənişi həyata keçirəndən sonra data kartdan istifadə edilməyib. Lakin 6 aydan sonra yerli məhkəmədən vətəndaşa bildiriş gəlir ki, «Azercell» sizi məhkəməyə verib. Məhkəmə iddiası ilə tanış olduqda isə məlum olur ki, adıçəkilən şirkət müştərisinə istifadə etmədiyi aylara görə də ödəniş yazıb və hədiyyə etdiyi data kart cihazının pulunu, 35 manatı da istəyir. Yəni məhkəməyə verilənə qədər abunəçi bilmir ki, əgər o «Azercell»dən aldığı data kartı 12 ay istifadə etməsə buna görə cihazın pulunu şirkətə geri qaytarmalıdır. Bizə müraciət edən şikayətçilər bildirirlər ki, onlara borclu olmaları barədə heç bir xəbərdarlıq edilməyib və «Azercell» öz abunəçilərinə xəbərdarlıq etmədən məhkəməyə müraciət edib. Müqayisə üçün bildirək ki, hazırda ölkə ərazisində vətəndaşlara internet data kart xidməti təklif edən «Bakcell» şirkətinin sür@ internet data kartları üzrə xidmətlərdə bu boşluqlar mövcud deyil. «Bakcell»in internet istifadəçilərinə hər istifadə etdiyi ödənişli xidmət barədə məlumat verilir. Eyni zamanda «Bakcell»də abunəçiyə təqdim edilən 4 QB-lıq internet paketi başa çatandan sonra isə xidmət pulsuz olaraq davam edir və internet kəsilmir. Bütün ödəniş dəyişiklikləri barədə də «Bakcell» abunəçilərinə xəbərdarlıq edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?