Gömrük işçiləri insanların özlərinin istifadəsi üçün ölkəyə gətirdikləri xurmaya qadağalar qoyur
Azərbaycana xarici ölkələrdən gətirilən xurma məhsulu da artıq monopoliyaya daxil olan məhsullar sırasına aid edilir. Bu haqda “Gündəm xəbər” ə məlumatı iş adamları verib. Xəbərdə deyilir ki, artıq sadə vətəndaşların İrandan Azərbaycana gətirdikləri xurmanı gömrük məmurları ölkəyə buraxmır. Məsələn, dünən axşam saatlarından Təbriz-Bakı marşrutu ilə hərəkət edən avtobus düz üç saat Biləsuvar Gömrük Keçid Məntəqəsində saxlanılıb. Buna səbəb isə avtobusda olan sərnişinlərdən birinin 2 qutu xurma gətirməsi olub. Gömrük məmurları xurmanı ölkəyə buraxmayacaqlarını bəyan ediblər. Onlar bildiriblər ki, artıq bu məhsulun Azərbaycana gətirilməsinə qadağa tətbiq edilir. Xurma gətirən şəxs isə bunu yas mərasimi üçün gətirdiyini və ümumilikdə İrandan 15-20 kiloqrama qədər xurma aldığını söyləyib. Ancaq bunun da heç bir xeyri olmayıb. Avtobus 3 saat gömrük rejimində saxlanıldıqdan sonra xurmalarn ölkəmizə daxil edilməsinə imkan verilməyib. Başqa bir şəxs isə cəmi 3 kiloqram xurma gətirirmiş. Gömrük məmurları onun da xurmasını buraxmayacaqlarını bildiriblər. Lakin həmin vətəndaş qanunlara əməl olunmasını tələb edib və bu məhsulun nədən monopoliyaya salındığının səbəblərini soruşub. Vəziyyətin mürəkkəbləşdiyini görən gömrük məmurları vətəndaşın xurmasına toxunmayıblar. Görünən budur ki, artıq İrandan gətirilən xurma da hansısa nazir oliqarxın və ya onun yaxın adamlarının diqqətini cəlb edib. Bu səbəbdən də, xurma monopoliya dairəsinə daxil edilib. Artıq Azərbaycan vətəndaşları İran, İraq, Suriya və digər ölkələrdən vətənə xurma gətirə bilməzlər. Bu əslində ölkəmiz üçün biabırçı hadisə hesab olunmalıdır. Çünki Azərbaycanda xurma bitmir və bu cür məhsul istehsal olunmur. Qanunda imkan verir ki, hər bir vətəndaş ölkəmizə daxil olarkən bbəlli miqdarda xurma gətirsin. Araşdırmalarımız isə göstərir ki, xurmanın monopoliyaya daxil olunması heç də təsadüfi deyil. Hazırda İrandan xurma gətirib satmaq ən gəlirli biznes hesab oluna bilər. Araşdırmalar göstərir ki, İranda müxtəlif çeşidli xurmaların qiyməti Azərbaycanla müqayisədə çox ucuzdur. Məsələn, Azərbaycan milli valyutası ilə İrandan xurmanın bir kiloqramı 50 qəpikdir. Ən bahalı xurmaların bir kiloqramı isə 3 Azərbaycan manatıdır. Bu gün İranda 1 kiloqramı 50 qəpiyə olan xurma Azərbaycanda 3 manat 50 qəpiyə satılır. İş adamları isə söyləyirlər ki, Azərbaycanda kiloqramı 3-4 manata satılan xurma İranda ən aşağı keyfiyyətli xurmadır və onun kiloqramı 20-30 qəpiyə başa gəlir. Ancaq bir məsələ dəqiqdir ki, xurmanı monopoliyaya alan şəxs heç də adi məmur deyil. Əksinə, bu çox nüfuzlu və təsir dairələri kifayət qədər güclü olan məmurdur. Əks təqdirdə bu məmurun gömrük vasitəsilə sadə vətəndaşların özlərinin istifadəsi üçün gətirdikləri xurma məhsullarına qadağa tətbiq etməsinə nail ola bilməzdir. O da bəllidir ki, Azərbaycanda monopoliyaya daxil olan məhsulların siyahısına fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzarət edir. İddialara görə, məhz Heydərovun tapşırığı ilə hansısa malların monopoliyaya salınması baş verə bilər. İndi ki, halda görünən budur ki, fövqəl nazirin özünə də, tapşırılıb ki, bu məhsulu monopoliya siyahısına daxil etsin. Əks təqdirdə nazirin özünün xurma biznesini əlinə alması gülünc görünə bilərdi. Hərçənd ki, Azərbaycanda, xüsusilə hakimiyyətdə hər şeyin mümkün olacağı da istisna olunmamalıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?