11 mart tarixdə Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı Vahid Kərimovu borca görə 10 gün müddətinə həbs edib. İşin qısa mahiyyəti belədir. Bir vətəndaşın Rabitəbanka 7225,7 manat borcu var. Həmin borc üzrə girov da var. Üstəlik 3 zamin də var. Zaminlərdən biri cümə günü həbs edilən Kərimovdur (yəni borc onun deyil heç). Kərimovun 2 və 3 yaşında körpə uşağı var. Özü və həyat yoldaşı işləmirlər. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur. İcra məmurları girova da tutma yönətməyə tələsmir. Yalnız fağır gördükləri Kərimovu təqib edirlər ki, gəl ödə filankəsin borcunu. Nəhayət, 11 martda (və ya 10 martda, çünki protokolda 2 tarix var və ən azı buna görə protokol qanunsuzdur!) icra məmuru protokol tərtib edərək Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb. Dərhal da hakim Əhmədov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Kərimovu həbs edib. Bu qanunsuzluqdur! Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Hakim qərarının əvvəlində özü Kərimovu “iki azyaşlı uşağı olan, işləməyən” kimi xarakterizə edir. Gəliri olmayan, heç 2 körpəsini saxlamağa pulu olmayan şəxs başqasının borcunu nəyin hesabına ödəməlidir? Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Kərimovun təqsiri nədir? Qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Buna görə də iş Avropa Məhkəməsinə getsə, məsələ birmənalı olaraq Kərimovun xeyrinə həll olunacaq. Kərimov elə martın 11-də özü qərardan apellyasiya şikayəti verib. Martın 12-də isə onun ailəsi Antikollektora müraciət edib. Bu gündən etibarən mən Kərimovun vəkiliyəm. Bu gün saat 16.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə baxılacaq. Hazırda apellyasiya şikayətinə əlavəni hazırlayıram. Ümid edirəm ki, 2 körpənin atasını azad edə biləcəyik və bununla da bankların hücumunu kökündə dəf edəcəyik. Əks halda, Avropa Məhkəməsinədək gedəcəyik! Görəsən, qanunları kobud şəkildə pozaraq əhalini narazı salan və Avropa Məhkəməsində dövlətimizin birmənalı uduzacağı işlərə təkan verərək bizi dünyada rüsvay edən kimlərdir? Görəsən, ilk qaranquşun Rabitəbank olması təsadüfdürmü? Axı həmin bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev həmçinin Banklar Assosiasiyasının da Prezidentidir. Bugünkü qərarın nəticəsindən asılı olmayaraq hörmət bəslədiyim Zakir müəllimə ayrıca müraciət edəcəyəm.
P.S. Məhkəmə qərarının və icra məmurunun protokolunun surətini burada yerləşdirirəm. Bir azdan apelyasiya şikayətinə yazdığım əlavənin də surətini bölüşəcəyəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?