Əmlak Məsələləri Dövlət Komitəsi Daşkəsən Filizsaflaşdırma Kombinatının yerində yeni kombinatın tikilməsi ilə bağlı «Baku Steel Company» MMC-nin planlarına münasibətini açıqlayıb. Qeyd edək ki, «Baku Steel Company» MMC ilə Almaniyanın «Siemens» şirkəti arasında anlaşma memorandumu imzalanıb. «Siemens» şirkətinin vitse-prezidenti Alferd Pisinger və «Baku Steel Company»nin (BSC) Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində illik hasilatı 5 mln. ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcək. BSC yeni metallurgiya güclərinin tikintisinə 300 min avro investisiya qoymaq niyyətindədir. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi isə özəl şirkətlərin dövlətə məxsus müəssisə ilə bağlı hər hansı kontrakt bağlamaq səlahiyyətinin olmadığını bildirib. Bu barədə «APA-Economics»ə Komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib: «Mən bilmirəm söhbət nədən gedir və kim harada nə müqavilə imzalayır. Məndə elə bir məlumat yoxdur. Ancaq onu deyə bilərəm ki, «Azərboru» və «Daşkəsən Filizsaflaşdırma» Səhmdar Cəmiyyətlərinin səhmlərinin 100%-i dövlətə məxsusdur. Və heç bir özəl şirkətin nümayəndələrinin səhmləri 100% dövlətə məxsus müəssisələrə dair hər hansı kontrakt bağlamaq səlahiyyəti yoxdur».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?