Neft ucuzlaşandan və devalvasiyalardan bəri idxalla ixrac azalsa da, Dövlət Gömrük Komitəsindən (DGK) büdcəyə ödənişlər artmaqdadır.Bu ilin may ayındaDGK xəttiylə dövlət büdcəsinə 206 milyon 272 min780 manat vergi və rüsumlar daxil olub. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 45.44 faiz çoxdur. İstər-istəməz təbii sual doğur: İdxalla ixracın azaldığı bir vaxtda büdcəyə ödəmələr nəyin hesabına artıb? Axı DGK-nın gəlirləri, əsasən, idxaldan tutulan vergi və rüsumlardan formalaşır və idxal bu ilin ilk 4 ayında ötən ilin eyni dövrünə nisbətdə 23.85 faiz azalıb...
İqtisadçı ekspert Qalib Toğrul sözə başlarkən, öncəliklə idxal və ixracın azalma səbəblərinə toxunur: «Birinci səbəb - bir ildə iki devalvasiya yaşayan, mal gətirib-mal göndərən sahibkarların vəziyyətinin ağırlaşmasıdır. İstər ötən ilin sonunda, istərsə bu ilin ilk 3 ayında ixracın təşviq olunması, idxal məhsullarının yerli məhsullarla əvəzlənməsi, bütövlükdə özəl sektor üçün sağlam ortamın formalaşdırılması istiqamətində çox mühüm sənədlər qəbul edildi. Min təəssüf ki, neftin kəskin ucuzlaşması dayanandan, qiymətlər artıma meyllənəndən sonra bu sənədlərin icrası yönündə gərəkli addımlar atmaq unuduldu. İndi rəsmi açıqlamaların əksinə, Azərbaycan iqtisadiyyatı öz çökmə meylini davam etdirir».
DGK-dan büdcəyə ödənişlərin artmasına da münasibət bildirən Q.Toğrul bunun gömrükdə inhisarın ləğvindən, xüsusən idxal zamanı qeydiyyatın nizamlanmasından qaynaqlandığını vurğulayır: «Nəticədə, əvvəlki dövrlərlə müqayisədə idxal kəskin azalsa da, istər ƏDV, istərsə gömrük rüsumlarının büdcəyə ödənişi sahəsində gözəçarpan artım qeydə alınıb. Əvvəlki dövrlərdən fərqli olaraq, malın gömrük dəyərinin real, hətta bəzən daha yüksək qiymətləndirilməsi bu artımı şərtləndirən əsas amillərdən biridir».
Ekspertin fikrincə, özəl sektora indiki rəsmi yanaşma davam edərsə, idxal-ixrac əməliyyatlarından büdcəyə ödənişlərin artımı uzun müddət davam edə bilməz: «Çox təəssüf ki, Azərbaycan iqtisadiyyatı – həm real sektor, həm də onu təşviq edəcək bank sektoru aramsız dağılmaqdadır və bu çöküşün qarşısının alınması istiqamətində heç bir real addım atılmır».
Bu fikri bölüşən bir başqa ekspert - Natiq Cəfərli sözə sualla başlayır: «Necə olur ki, ölkədə iqtisadi fəallıq can verir, xarici ticarətin dövriyyəsi xeyli azalır, amma gömrükçülərin yığdığı vəsait 45 faiz artır? Səbəb -əvvəl rüşvət kimi alınan pulların indi rəsmiləşdirilməsidir. Yəni, etiraf edirlər ki, əvvəl büdcəni sökürdülər, ciblərinə işləyirdilər, indi rəsmiləşdirməni artırıblar».
«GƏRƏK NEFTİN QİYMƏTİ BU QƏDƏR DÜŞƏYDİ Kİ...»
Ekspertə görə, hökumət gömrükçülərin büdcəyə ödənişləri artırmasının səbəblərini açıqlamalıdır: «Əla, biz də istəyirik büdcə dolub-daşsın, amma bu durumu indi ortalığa çıxıb necə izah edəcəklər? Etiraf edəcəklərmi ki, son 23 ildə gömrükdə rüşvət yığırdıq, indi rüsum yığırıq? Yaxşı, bu illər ərzində rüşvətlə işləyən sistemə görə kim cavab verəcək? Sədr yerində, müavinlər yerində, işçilər yerində, gərək neftin qiyməti bu qədər düşəydi ki, cibinizə yox, büdcəyə işləyəsiniz? Yox, yuxarıdan əmr gəlibsə ki, rüşvət yox, rüsum yığın, onda bu əmr niyə daha öncə gəlmirdi? Sonra da inciyirsiniz ki, vətəndaş neftin qiymətinin düşməsinə niyə sevinir».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?