Gömrük 104 mln manat yığıb, amma büdcədə əskiklik daha çox olub
gundemxeber.az Bu ilin noyabrında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 104,2 mln manat daxil olub. DGK-da Turan-a deyiblər ki, 2012-ci ilin 11 ayında 1 092 mln manat vergi və rüsum yığıblar. Bu il cəmi 1,2 mlrd manat yığım planlaşdırılır. Bunun əsas hissəsi əlavə dəyər vergisidir. 2011-ci ildə DGK-dan büdcəyə 1 141 mln manat daxil olub. Gələn il, büdcəyə əsasən, DGK 1 380 mln manat yığacaq. Amma KİV-in yazdığına görə, gömrükdə toplanan rüşvət rəsmi yığımlardan xeyli çoxdur. Bundan başqa, bu və ya digər şəxslərin mal idxalında inhisarı var. Azərbaycan 90-cı illərin ortalarından Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün danışıqlar aparır. Bu quruma daxil olmaq üçün təxmini vaxt da müəyyən edilməyib. Dövlət başçısı Fransa səfəri zamanı deyib ki, danışıqların uzun çəkməsi «daxili problemlərlə» bağlıdır. Prezident bunu hökumətin yerli sənaye və kənd təsərrüfatını ayağa qaldırmaq arzusu ilə əsaslandırıb. Amma yerli ekspertlər bildirir ki, bu yolla biznes diz üstə çökdürülüb. Əslində yerli sənayeyə və əsas istehlak mallarının idxalına nəzarət edən oliqarxların müqaviməti üzündən proses dalana dirənib.
Sorğu
Yeni dizaynımız necədir?