Rəhman Məmmədov: “Hətta borcumun tam ödənilməsi barədə “NBCBank”ASC Yasamal filialında müdir əvəzinin imzası ilə, mənə 07 avqust 2014-cü il tarixdə təsdiq olunmuş arayış da verdilər” Son illər ölkəmizin bank sektorunda müştərilərin sayı durmadan çoxalsa da, bu və ya digər yollarla əmələ gələn problemlərin də sayı artmaqda davam edir. Buna səbəb, təkcə banklardan verilən kreditlərin faiz göstəricilərinin yüksək olması deyil, eyni zamanda bank əməkdaşlarının qol qoyduqları maxinasiyalar da, çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olan əsas amillərdir. Bu gün belə bir problemlərin varlığı haqda da danışmağa çalışacağıq. Belə ki, 2012-ci ildə “Nurgin Motors” şirkətindən 110 min dollara “Nissan Patrol” markalı avtomobil alan və həmin vaxtdan dörd il keçdikdən sonra isə böyük bir problemlə üz-üzə qalan, Bakı şəhəri Sulu-Təpə qəsəbəsi R.Allahverdiyev küç. ev-59A ünvanında yaşayan Məmmədov Rəhman Barat oğlu “Gündəm Xəbər”ə ünvanladığı müraciətində yazır ki, “qeyd olunan nəqliyyat vasitəsini alarkən “NBCBank”a ilk olaraq ümumi məbləğin 30%-ni, yəni 25 min dollar pul ödədim. Az sonra həmin nəqliyyat vasitəsinə əlavə 10 min dollar xərc də çəkdim. Bir il ərzində də, əlavə olaraq adı çəkilən banka 40 min dollar pul ödəsəm də, 2013-cü ilin iyununda qərar verib aldığım avtomobili banka qaytardım. 2014-cü ilin avqustunda isə, mənim razılığımla bank tərəfi “Nissan Patrol”u satdı və əldə olunan pul vəsaiti ilə banka olan borcum tam ödənildi. Hətta borcumun tam ödənilməsi barədə “NBCBank”ASC Yasamal filialında müdir əvəzinin imzası ilə, mənə 07 avqust 2014-cü il tarixdə təsdiq olunmuş arayış da verdilər. Həmin vaxtdan dörd il ötsə də və ötən müddət ərzində təqribən 5-6 dəfə şəxsi işimlə bağlı RF-sı ərazisinə keçib getsəm də, heç zaman hər hansı problemlə üz-üzə qalmamışam. Eyni zamanda hər hansı borcumun olması barədə, ötən dörd il ərzində bank tərəfindən bir kimsə məni narahat etməyib və problemin varlığı barədə məlumat da verməyiblər. Amma, bu ilin 10 avqust günü RF-dan ailəlikcə ölkəmizə qayıdarkən, “SDK” buraxlış məntəqəsində sərhəd qoşunu əməkdaşları məni yarım saat ərzində saxladılar və az sonra Samur Polis Şöbəsinə apardılar. Adı çəkilən polis şöbəsində bir sutka müddətinə saxladılar və çox keçmədən məni buraxıb bildirdilər ki, “sən mütləq BŞBPİ-ə getməlisən”. Elə ki, həmin idarəyə də getdim, o halda adıçəkilən qurumdan “sənin “NBCBank” ASC-nə borcun olduğu üçün axtarışa verilmisən, get bankla olan problemini qaydaya sal” dedilər. Çox keçmədi ki, bank səlahiyyətlilərinin yanında oldum, o zaman onlar da vurğuladılar ki, “sənin 14 min dollar əsas borcun, 6 min isə faiz borcun qalıb” dedikdə, sanki şoka düşdüm. Çünki, mən onlara bildirdim ki, borcum tam ödənilib və bununla bağlı bankın mənə təsdiq edib verdiyi arayış da var. Təəssüf doğuran hal o oldu ki, həmin borcun necə əmələ gəlməsi barədə bank tərəfi mənə hər hansı açıqlama verə bilmədilər. Eyni zamanda bankın təsdiq edib verdiyi arayışı BŞBPİ-nə təqdim etdikdə, qarşı tərəfin cavabı o oldu ki, “problemi araşdırıb sənə məlumat verəcəyik”. Çox təəssüflər olsun ki, həmin vaxtdan bir neçə gün keçsə də, hələ ki, qarşı tərəflərdən hər hansı cavabı əldə edə bilməmişəm. Bundan əlavə, mən ailəlikcə RF-na qayıtmalıyam. Çünki, əmək fəaliyyətimi həm orada davam etdirirəm, həm də ki, övladlarım orta məktəb şagirdidirlər. Bu gün “NBCBank” ASC-nin qol qoyduğu qanunsuzluq nəticəsində, Azərbaycandan xaricə çıxışım qadağan olunub ki, belə bir halın varlığı da bizi olmazın duruma salıb. Amma, bu gün ümidimi üzməmişəm. İnanıram ki, aidiyyəti qurumlar problemin qanun çərçivəsində araşdırılmasına çalışıb, bizi bu bəladan xilas edəcəklər”. Hörmətli oxucular! Rəhman Məmmədovun üz-üzə problemlərlə bağlı araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən qurum səlahiyətlilərinin mövqeyini də dinləyə bilərik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?