Rusiyanın Mərkəzi Bankı bu ilin ilk altı ayında MDB respublikalarından olan miqrantların vətənlərinə nə qədər pul göndərdiyinə dair statistikanı açıqlayıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyadan MDB respublikalarına bu ilin yanvar-iyun aylarında bank vasitəsilə cəmi 9,86 milyard dollar vəsait göndərilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz çoxdur. 2012-ci ilin birinci yarısında Rusiyadan MDB respublikalarına 20.11 milyard dollar göndərilmişdi.
İlin altı ayı ərzində Rusiyadan şəxsi bank köçürmələrinə görə Özbəkistan liderlik edir. Rusiyadakı özbək miqrantlar vətənlərinə 3,14 milyard dollar göndəriblər və bu, ötən ilin ilk altı ayına nisbətən 30 faiz çoxdur.
Sonrakı yerdə Ukrayna gəlir. Bu ölkəyə 1,658 milyard köçürülüb ki, bu da ötən ilə nisbətən 15 faiz çoxdur. Rusiyadakı miqrantlardan Tacikistana 1,575 milyon dollar göndərilib ki, bu da ötən ilə nisbətən 27,3 faiz çoxdur.
Statistikaya görə, bu ilin yanvar-iyun aylarında Rusiyadan Moldovaya 887 milyon dollar, Qırğızıstana 870 milyon dollar, Ermənistana 616 milyon dollar, Azərbaycana 524 milyon dollar, Belarusa 426 milyon dollar, Qazaxıstana 152 milyon dollar, Türkmənistana isə cəmi 14 milyon dollar göndərilib.
Qeyd edək ki, Rusiyadakı azərbaycanlıların hər il vətənə, yaxınlarına göndərdikləri pulların məbləği 1 milyard dollardan az deyil. Lakin bu, banklar üzərindən göndərilən pullardır. Banklarla yanaşı miqrantlar öz yaxınlarına şəxsən və tanışlar vasitəsilə də pul çatdırırlar. Həmçinin “həvalə” kimi tanınan qeyri-rəsmi pul dövriyyəsi də mövcuddur və bu kanalla dövr edən pulların həcmi kifayət qədər böyükdür.
Ekspertlərin qənaətinə görə, Rusiyadakı azərbaycanlılardan vətənə göndərilən pulların ümumi illik həcmi 2 milyard dollardan az deyil və bu da əhalinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. Statistikaya görə, əhalinin nominal pul gəlirləri 2013-cü ildə 39 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?