Azərbaycan hökuməti istənilən vaxt problemli kreditləri həll edə bilər Gürcüstan dollar krediti problemini əhalinin xeyrinə həll edir Problemli kreditlərin həcminin artması bank-vətəndaş qarşıdurmalarını daha kəskin vəziyyətə gətirir. Xüsusilə, ikinci devalvasiyadan sonra artmaqda olan bu problem həlli yönündə hökumət heç bir addım artmır. Dollar kreditlərindən yaranan problem artıq manat kreditlərində də özünü açıq büruzə verməkdədir. Belə ki, əhalinin günü-gündən artan gündəlik xərcləri kredit ödənişlərinə də ciddi təsir edir. Həm ərzaq məhsullarının, həm də kommunal xidmətlərin bahalaşması və bütün bunların müqabilində maaşlarda adekvat artım yoxdur. Bu isə əhalinin kredit probleminin daha da artmasına rəvac verəcək. Neftin qiymətinin dünya bazarında ucuzlaşması dövlət büdcəsində ciddi kəsirlərin olmasına gətirib çıxardı. Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğu üçün bu cür problemlər hələ növbəti illərdə də davam edəcək. Hökumət isə bütün yükü əhalinin üzərinə yükləyir. Hökumət bu problemlərin həllinə daha loyal yanaşmalıdır ki, vətəndaş narazılığına son qoysun. Əks halda problemlər getdikcə dərinləşəcək. Dollar kreditlərində yaranan problemin həll olunması üçün iqtisadçılar, Parlament üzvləri bir neçə təkliflə çıxış etdi. Ancaq bu təkliflərin üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq hökumət bununla bağlı heç bir dəyərləndirmə aparmadı. Hökumətdə təmsil olunan bəzi radikal qüvvələrin süni maneələr yaratması problemlərin böyüməsinə səbəb oldu. Gürcüstan bu problemi həll edir Heç bir təbii ehtiyatlara sahib olmayan qonşu Gürcüstan isə Azərbaycan hökumətindən fərqli olaraq dollar kreditlərinin həll olunması üçün real təkliflə çıxış edib. Belə ki, Gürcüstan hökuməti dollarla olan bütün kreditlərin aşağı məzənnə ilə lariyə çevrilməsi üçün Milli Bankla birlikdə “lariləşmə planı” hazırlayıb. Bu Gürcüstan hökumətinin əhaliyə bir jestidir. Bəs Azərbaycan niyə bu cür addımlar atmır? Əslində səbəb çox sadədir. Belə ki, Azərbaycanın hakim elitasında bir neçə komanda təmsil olunur və həmin komandalar bir-birinin əksinə fəaliyyət göstərir. Bir komanda sosial siyasətə üstünlük verir və əhalinin problemlərinin həll olunması üçün təkliflər hazırlayır, müxtəlif işlər görür. Digər qruplar isə məhz bu layihələrin reallaşmaması, əhalinin hakim təbəqədən narazı qalması üçün radikal üsullarla hökumətin təqdim etdiyi güzəştli layihələrin qarşısını alırlar. Hansı qrupun hələ ki, daha güclü olması göz önündədir. Azərbaycan Gürcüstandan kifayət qədər zəngin və güclü dövlətdir. Azərbaycan hökuməti istənilən vaxt problemli kreditləri həll edə bilər. Bunu etmək üçün hökumətin kifayət qədər gücü var. Amma yuxarıda da qeyd etdiyimiz səbəblərdən dolayı bu məsələ öz həllini hələ də tapmır. Banklar isə vətəndaşlara güzəşt etmək fikrində deyillər. Son 1 ildə banklarla vətəndaşların məhkəmə işlərində 55-60 faiz artım qeydə alınıb. Bundan əlavə banklar artıq kollektor şirkətlərə işləməyə başlayıblar ki, bu sistem də düzgün tənzimlənmir. Vətəndaşlara borca görə zəng edib hədə-qorxu gəlmək, şantaj etmək halları artıq adi şəkil alıb. Bankların bu cür radikal yol seçməsinin səbəbi isə əslində özlərini xilas etmək üçündür. Təbii ki, ölkədə baş verən ağır iqtisadi böhran bankların da vəziyyətini ağırlaşdırdı. Doğrudur, banklarda yaranan problemlər onların uzun zamandır apardıqları yanlış kredit siyasətinin nəticəsidir. Bunun real nümunəsi isə son 1 ildə bağlanan 12 bankdır. Banklar isə vəziyyətdən çıxmaq üçün hökumətdən aldıqları dəstəyi vətəndaşa qarşı kəskin formada istifadə edirlər. Banklar sosial partlayış yaradır Beynəlxalq təcrübədə hər-hansı bir dövlət ağır iqtisadi böhran keçirirsə, sosial siyasəti arxa plana keçirir və liberal siyasətə üstünlük verir. Azərbaycan hökuməti də eyni üsuldan, amma tamamilə fərqli istifadə edir. İlk növbədə hökumət hansı siyasət yürütdüyünü ictimaiyyətə açıq şəkildə elan etməlidir. Əhalinin və öz üzərinə düşən şərtləri açıqlamalıdır. Hər kəs də buna uyğun olaraq hərəkət etməlidir. Banklar soyğunçu siyasətindən əl çəkməlidir və kreditlərin ödənişi üçün yeni cədvəllər hazırlamalıdır. Kredit müqavilələrinə yenidən baxılmalı və sosial durumu ağır olan vətəndaşlara, müflis olan sahibkarlara güzəşt müddətləri verilməlidir. Hökumət də bütün bunların reallaşması üçün banklara tapşırıq verməlidir. Əks halda banklar narazı əhalinin sayının artmasına və sosial partlayışın yaranmasına səbəb olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?