"Palmali Group"un sahibi Mubariz Mansimov şikrətlər qrupunun sabiq baş icraçı direktoru Ələddin Aykaça qarşı Türkiyə, Malta və İngiltərə məhkəmələrində 5 ayrı şikayət irəli sürüb.
"APA-Economics"in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, M. Mənsimov şikayət ərzilərində göstərib ki, Ə. Aykaç "Palmali"ni tenderlərdə ciddi zərərə uğradıb.
Ə. Aykaç M. Mənsimovun 31 illik dostudur. Bu dostluq ona bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra "Palmali"nin baş icraçı direktoru olmağına imkan verib. M. Mənsimov 17 yaşından tanıdığı Ə. Aykaçla yollarını 2015-ci ildə ayırıb.
Ayrılığın detalları barədə oktyabr ayında "Hürriyet" qəzeti yazıb. Qəzet iddia edir ki, vəzifəsindən getdikdən sonra Ə. Aykaç "Palmali Group"a daxil olan bir neçə şirkətin səhmlərini, daşınmaz əmlakları və gəmiləri şirkətlər qrupuna qaytarmayıb. Faktı "Palmali Group"un hazırkı baş icraçı direktoru Vüqar Hüseyn təsdiqləyib. V. Hüseyn onu da bildirib ki, bir müddət öncə Ə. Aykaça notarial qaydada təsdiqlənmiş xəbərdarlıq da ünvanlanıb.
"Palmali Group"un məhkəməyə müraciətində bildirilir ki, Ə. Aykaç Kiprdə öz yaxınının adına şirkət açıb və həmin şirkətə külli miqdarda ödənişlər edib. Bununla yanaşı, iddia olunur ki, Ə. Aykaç xaricdə qumarda uduzduğu məbləği şirkətin büdcəsindən ödəyib.
M. Mənsimov artıq Ə. Aykaçın "Palmali Group"dakı 26 illik fəaliyyətinin araşdırılması üçün göstəriş verib.
Yeri gəlmişkən, məhkəmənin qərarına əsasən, M. Mənsimov Maltadakı 4 gəmisini geri alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?