Nizamnamə kapitalının artırılması tələbi inhisarlaşmanı bir az da möhkəmlədən amildir 2014-cü il yanvarın 1-dək məcmu kapitalını tələb olunan 50 milyon manata çatdıra bilməyən banklar ya qeyri-bank təşkilatına çevrilməli, ya birləşməli, ya da, ümumiyyətlə, bazardan getməlidir. Bu fikirləri növbəti dəfə Mərkəzi Bankın sədri Elman Rüstəmov səsləndirib.Banklar üçün müəyyən olunan vaxta hələ bir neçə ay qalsa da, AMB rəhbərinin bu israrı bir qədər anlaşılan deyil. Hakimiyyət müştərilərə normal xidmət göstərən bankların fəaliyyətini dayandırmasında niyə bu qədər maraqlıdır? Azərbaycanda bank sektorundakı durum iki istiqamətdə narahatlıq yaradır. Birincisi, son vaxtlar bank sektorunda sabitlik məsələləri xeyli dərəcədə problemli görünür. Çünki ödənməyən və ödənilməsi şübhə doğuran borcların artması prosesi gedir. Bu məbləğin hansı banklarda daha çox olması ilə bağlı geniş məlumat verilmir. Ancaq bütövlükdə qaytarılmayan və qaytarılması şübhəli olan borcların miqdarı kreditin ümumi məbləğində 8 faizlik həddə çatmaqdadır. Bu da bütövlükdə bank sistemində gərginlik yaradır. Çünki bank sektorunda qaytarılması şübhə doğuran borcların həcmi ümumi kredit həcmlərində 10 faizdən çox ola bilməz. İkinci narahatlıq doğuran məqam kimi bank sektorunun iri oliqarxların əlində cəmləşməsidir. Nizamnamə kapitalının artırılması tələbi isə əslində inhisarlaşmanı bir az da möhkəmlədən amildir. Ancaq bununla belə nizamnamə kapitalının aşağı olması bankların risk imkanlarını artırır. Bank sektorunu gözləyən böhranın qarşısını almaq, yaxud qabaqlamaq üçün nizamnamə kapitalının artırılması bu sektorun etibarlılığını gücləndirə bilər. “İqtisadiyyat şöbəsi”
Sorğu
Yeni dizaynımız necədir?