Bu günlərdə Azərbaycanda hər kəs benzin qiymətinin qalxması məsələsini müzakirə edir. Maşını olan da, olmayan da. Sonuncular bunun gündəlik ərzaq mallarının qiymətinə təsir edəcəyi, ümumən isə bahalaşmaya rəvac verəcəyi qənaətindədir. Bununla belə, problem varsa, ondan çıxış yolları da var.
Bu sual tez-tez müzakirə olunduğu üçün benzinə qənaət üsulları barədə də ilginc üsullar var. Onlara göz yetirək. Elə məsləhətlər var ki, ona gün ərzində riayət etməklə yanacaq sərfiyyatına 40 faiz qənaət etmək mümkün olur. Məsələn, bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər.
QAYDA BİR – ƏYLƏCİ TEZ-TEZ BASMAYIN...
Yanacaq sərfi avtomobil tıxacda olduğu zaman artır. Ancaq sürücülər belə vəziyyətdə də qənaət edə bilərlər. Bunun üçün qarşıdakı avtomobillə ara məsafəsini elə saxlamaq lazımdır ki, tez-tez əyləci sıxmağa ehtiyac qalmasın. Sürəti tədricən azaltmaq və tədricən artırmaq lazımdır. Yanacağa qənaət etməyin digər bir yolu avtomobilin hava süzgəclərini təmiz saxlamaqdır. Kondisionerdən istifadə də maşının yanacaq sərfinə təsir göstərir. Kondisioner işlətmək yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır. Təbii ki, ondan tam imtina etmək də doğru deyil. Amma gün ərzində ondan istifadəni azaltsanız, xeyli qənaət etmiş olacaqsız.
Bundan başqa, avtomobilin sürət həddini aşmayaraq idarə etmək lazımdır. Mütəxəssislər məsləhət görür ki, sürücülər maşını kəskin manevr etməyərək sürsünlər. Bu halda benzin daha az sərf olunur.
TIXACA GİRMƏK VƏ MAŞINI YÜKLƏMƏK OLMAZ
Qısa məsafələr üçün avtomobildən istifadə etməmək də çıxış yollarından biridir. Günümüz insanı maşına əcaib şəkildə öyrəşir. Hətta o qədər ki, evinin yanındakı marketə belə ayaqla getmək istəmir. Bunu aradan qaldırmaq lazımdır.
Günün qaynar saatlarında maşından istifadəni minimum endirmək ən uğurlu çıxış yollarından biridir. Bir səhərlər işə gedəndə, bir də axşam işdən qayıdanda bu problemlə üzləşə bilərsiniz. Bu da maşının benzininə xeyli dərəcədə ziyandır. Mütəxəssislər deyir ki, belə situasiyalara düşməmək üçün tıxaclardan xəbər verən radio və naviqatorlardan istifadə etmək məsləhətdir.
Xüsusi bir qrup avtomobil istifadəçisi də vardır ki, avtomobilinin üzərində əlavə, lazımsız yüklər daşıyır. Tənbəllikdən imtina edin və avtomobilinizin üzərinə və yük yerinə nəzər yetirməyi ləngitməyin.
YAXŞI YAĞ, KEYFİYYƏTLİ TƏKƏR VƏ ŞİNLƏRDƏ UYĞUN TƏZYİQ
Avtomobilin normadan artıq yüklənməsi ilə yanaşı, təkərlərə diqqət də sizə qənaət etməyə imkan verir. Belə ki, avtomobilinizin şinlərində məsləhət görülən təzyiqdən artıq və ya az olmasına nəzarət edin. Şinlərdə təzyiqin uyğunsuzluğu maşının mühərrikinə mənfi təsir edir. Şinlərə nəzarət isə sizə 5%-lik yanacaq qənaətinə imkan verəcək
Avtomobilinizin lazımi texniki vəziyyətininə nəzarət edin. Saz avtomobiliniz sizi yalnız öz etibarlılığıyla sevindirməyəcək, həm də əlverişlilik kimi bonus hədiyyələr edəcək.
Yalnız yaxşı yağlardan istifadə edin və müxtəlif "super" yağlara etibar etməyin. Avtoistehsalçının və ya ustanın məsləhətinə qulaq asın. Keyfiyyətli yağdan istifadə edin. Çünki ucuz yağ avtomobili məhv edir. Normal yağdan istifadə etməklə sürücülər təkcə benzinə qənaət etmir. Eyni zamanda mühərrikin əsaslı təmir riskindən də sığortalanırlar./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?