Pərviz Heydərov: “Bu məsələ kənd təsərrüfatının inkişaf səviyyəsinə bağlıdır”
Bu ayın əvvəlindən başlanan yağıntılı hava şəraiti kənd təsərrüfatına xeyli zərər vurdu: Arpa biçini gecikdi, buğda sahələrində müxtəlif xəstəliklər yarandı, əkin sahələrini alaq otları basdı, dolu, leysan yağışlar üzündən meyvələr vaxtsız xarab oldu və sair. Ayın sonlarından başlanan kəskin istilər isə bir çox yerlərdə taxıl sahələrinin alovlanması ilə nəticələndi. Meteroloqlar bu hava şəraitinin iyulun əvvəlinədək davam edəcəyini proqnozlaşdırırlar.
Təbiətin bu şıltaqlıqları diqqətlərin bir daha aqrar sektorda sığorta məsələsinə yönəlməsinə səbəb oldu. Təbii iqlim şəraitindən çox asılı olan bu sektor sığorta üçün ən riskli sahələrdən biri hesab olunur. Buna görə də aqrar istehsalı inkişaf etdirmək istəyən bütün ölkələrdə sahənin sığortalanmasında dövlət birbaşa və ya dolayı yollarla iştirak edir.
Uzun müddətdir ki, kənd təsərrüfatı istehsalında sığortanın tətbiqi məsələsi Azərbaycanda da müzakirə olunur. 2016-cı ilin dekabrında təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulurdu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi özəl sığorta şirkətlərinin də iştirakı ilə, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə sığorta fondunun yaradılması imkanlarını araşdırsın.
Sənəddə deyilir ki, bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və fondun istehsalçıların sığortalanmasına və ümumilikdə aqrar sahənin inkişafına potensial təsirləri təhlil edilməklə hesabatlar hazırlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə kənd təsərrüfatı sahəsi üzrə sığorta risklərinin effektiv şəkildə qiymətləndirilməsi üçün iqlim məlumatları və təbii fəlakətlər, heyvan və bitki xəstəlikləri, habelə məhsuldarlıq göstəriciləri üzrə uzunmüddətli dövr üçün informasiya bazası yaradacaq.
Bu ilin may ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” qanun layihəsinin, həmçinin Türkiyənin aqrar sığorta mexanizminə dair və aqrar sığorta üzrə mərkəzi institut olan “TARSİM” əməliyyat modelinin fəaliyyətinə dair təqdimatı keçirilib.
Palatanın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Palata və yaradılmış müvafiq işçi qrupu tərəfindən ABŞ, İspaniya, İsrail, Kanada və Türkiyə Respublikasının aqrar-sığorta mexanizmləri üzrə beynəlxalq təcrübə araşdırılıb, habelə Türkiyənin kənd təsərrüfatı sığortası mexanizmi olan “TARSİM” modeli öyrənilib. Yerli və beynəlxalq ekspertlərin birgə səmərəli əməkdaşlığı nəticəsində ölkə üçün məqbul hesab edilən “Kənd Təsərrüfatı sığortası haqqında” qanun layihəsinin yekun modeli aidiyyəti qurumlara rəylərin bildirilməsi üçün təqdim edilib.
Qanunun aidiyyəti qurumlardan rəy alaraq Milli Məclisdə müzakirə olunması, qəbulu, təsdiqlənməsi prosesinin yekunlaşması üçün minimum bir neçə ay müddət tələb olunduğunu nəzərə alsaq, bu vacib sənədin icrasına ən yaxşı halda gələn ildən tez başlamağın mümkün olmayacağını söyləmək olar.
İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, Azərbaycanda aqrar sığortanın inkişafı ümumilikdə kənd təsərrüfatının inkişafına bağlıdır: “Sığortanın tətbiqi bütövlükdə aqrar sektorun inkişaf səviyyəsindən asılıdır. Kənd təsərrüfatının indiki inkişaf səviyyəsi ilə mən Azərbaycanda aqrar sığortanın tətbiqini sual altında görürəm. Ona görə ki, aqrar sektorun real inkişaf səviyyəsi o həddə deyil ki, biz burada sığortanın effektiv tətbiqindən danışa bilək. Sığortanın əsas prinsiplərindən biri budur ki, sığortaolunan tərəfindən müvafiq ödəniş həyata keçirilsin. Gəlin görək, iri fermer təsərrüfatlarını kənara qoymaq şərtilə, aqrar sektordakı orta və kiçik sahibkarlar belə ödənişi etmək imkanındadırmı? Bu, məsələnin ən adi tərəfidir. Əvvəla, aqrar sektorda xırda və orta təsərrüfatların sayı çox azdır. Ötən illər ərzində aparılan islahatlar nəticəsində həm aqrar sektor birtərəfli inkişaf edib, həm də bu və ya digər istiqamətlərdə inhisarçılığın formalaşması üçün real zəmin yaranıb. Xırda torpaqların əksəriyyəti iri fermerlərdə icarədədir. Bu sahədə kiçik sahibkarlıq üçün münbit şərait yoxdur, inhisarçılıq baş alıb gedir. Düzdür, son illərdə aqrar sahəyə xüsusi diqqət yetirilməyə başlanıb. Hökumət başa düşür ki, həm ölkənin valyuta bazarında sabitliyi qorumaq üçün, həm ərzaq təhlükəsizliyini təmin etmək üçün, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Bunun da əsas yolu aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafından keçir. Aqrar sığortanın tam effektiv tətbiqi o zaman mümkün olacaq ki, aqrar sektorda gəlirlilik indikindən 1,5-2 dəfə yüksək olsun”.
Ekspert deyir ki, Azərbaycanda yalnız aqrar sığorta deyil, bütövlükdə sığorta bazarı zəif inkişaf edib: “Sığorta zəif inkişaf etdiyi üçün ölkədə bununla bağlı məlumatlılıq səviyyəsi çox aşağıdır. Aqrar sektorda isə bu iş daha bərbaddır. Bu sekorda sığortanın tətbiqini çətinləşdirən daha bir amil risk səviyyəsinin çox yüksək olmasıdır. Buna görə də dövlət bu prosesdə mütləq iştirak etməlidir. Uzun müddətli dövr ərzində dövlətin sığortaedənlə sığortaolunanlar arasında bağlantı vasitəsi olaraq qalması lazımdır. Yəni dövlət sığortaedənin məsuliyyətinin bir hissəsini mütləq öz üzərinə götürməlidir. Bu, aqrar sektor yüksək inkişaf səviyyəsinə çatanadək davam etməlidir. Və dövlətin belə maliyyə imkanları var, sadəcə, çox effektiv və mükəmməl bir mexanizm hazırlanmalıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?