Ötən ilin ortalarından başlayaraq Azərbaycana xaricdən gələn turistlərin sayında kəskin azalma müşahidə olunur.
Gundemxeber.az bildirir ki, bu barədə Fed.az-a bu sektordakı mənbələr bildirib. Turizm eksperti Firdovsi Xəlilov bildirib ki, bir neçə il əvvəl – 2015-2016-cı illərlə müqayisədə ölkəmizə xüsusilə İran və İraqdan gələn turistlərin sayında ciddi azalma var: “2015-16-cı ilin yanvarında artıq hotellərimiz mart ayına, Norvuz bayramı üçün dolu olurdu, boş yer tapmaq mümkün deyildi. Bu tendensiya özünü müəyyən qədər 2017-ci ildə də göstərdi. Amma indi vəziyyət dəyişib”. Ekspertin sözlərinə görə, turizm axınının böyük hisəsini iranlı turistlər təşkil edirdi, onların həm sayı çox idi, həm də yüksək və orta qiymətli hotellərdə yaşayırdılar: “İranlılar 4-5 ulduzlu, 150-160 dollarlıq otellərə üz tuturdular, bir hissə isə daha aşağı seqment sayılan 40-50 dollarlıq hotellərdə qalırdılar”. İndi isə vəziyyət dəyişib. Yanvar ayı olmasına baxmayaraq Novruz bayramı üçün hotellərin heç də hamısı tutulmayıb: “Turistlərin sayı 70-80% daha azdır. Hətta 40-50 dollarlıq hotellər də boşdur”. Ekspetin sözlərinə görə, hazırda Azərbaycana gələn ərəb turistlərinin əksəriyəti Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından gəlir: “Amma Dubaydan gələnləri biz “28 Mall” və ya “Gənclik Mall”la təəccübləndirə bilmərik, onlar bu məsələlərin ən yaxşılarını görüblər”. F.Xəlilov bildirib ki, İran turistlərinin azalmasının səbəbi son bir ildə İranda baş verən kasıblaşma olub: “Son il ərzində İran valyutası 4 dəfə dəyər itirib. İranda 100 dollar 27 min tüməndən 110 min tümənə yüksəlib. Nəticədə iranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb”. Ekspert deyir ki, hazırda iranlılar Azərbaycan vətəndaşlarının 2-3 il əvvəl yaşadıqlarını yaşayırlar: “Onların nə hiss etdiyini biz də başa düşə bilərik. 2015-ci ilədək bizdə xaricdə səyahətə meylli idik, amma bizim valyuta 2 dəfə dəyərsizləşdi, İranda isə bu azalma daha kəskin oldu və bu, özünü turizmdə də göstərir”. F.Xəlilovun sözlərinə görə, İranla bağlı əsas problemlərdən biri odur ki, Azərbaycan şirkətləri indiyədək İranın ən böyük bazarı olan Tehrana çıxa bilməyib, buradakı turizm sektoru ilə davamlı əlaqə yaratmayıb: “Tehran 15 milyon əhalisi olan şəhərdir, ən əsası, burada İranın ən varlı şəhəridir, bütün pullar da buradadır. Amma bizim şirkətlər Tehran bazarı ilə, demək olar, işləmirlər. Buradan gələn turistlər də öz istəkləri ilə gələnlərdir”. Ekspert deyir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti İranın Azərbaycanla sərhəd bölgəsində yaşayanlardır: “Onlar isə nisbətən kasıbdır, əsasən avtobuslarla səyahət edənlərdir və iqtisadi problemlər dərhal onlara təsirini göstərir”. Azərbaycana ərəb turistlərinin azalmasının əsas səbəbi isə İraq turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsidir. Qeyd edək ki, son bir ilədək Azərbaycana gələn iraqlı turistlər vizanı sadələşdirilmiş şəkildə sərhəddə ala bilirdilər. Bu da həmin ölkədən turist axınını sürətləndirirdi: “Viza sərhəddə veriləndə İraqdan Azərbaycana böyük axın oldu. İraq vətəndaşları nisbətən aşağı seqmentli hotellərdə qalsalar da, “kəş” dollar xərcləyirdilər, AVM-lərdə alış-veriş edirdilər və fayda gətirirdilər. Adamlar nəğd pul xərcləyirdilər, bu əladır və bütün sektorun sevdiyi müştərilər idi”. Viza ilə bağlı dəyişikliklərdən sonra iraqlı turistlərin sayında ciddi azalma var: “İraqlı turistlərə aeroportda verilən viza dayandırılıb, artıq iraqlılara Azərbaycan visası almaq Gürcüstana hər şey daxil tur almaqdan çətin olub”. Yeri gəlmişkən, ekspertin sözlərinə görə, bir sıra səbəblər üzündən İraq turistlərinin Azərbayan iqtisadiyyatı üçün faydası digər turistlərdən daha artıq idi: “Onların bir hissəsi Azərbaycana təkcə səyahət məqsədilə deyil, hətta ailələrinin təhlükəsizliyini təmin etmək üçün gəlirdilər. Çox sayda iraqlılar ailələrini gətirib Bakı, İsmayııllı, Qəbələ və Qubada evlər kirayələyib yaşayırdılar”. Bəzi İraq vətəndaşları Azərbaycanda uzun müddət qalırdılar: “İmkanı olanlar ailələrini düşünürdülər. Bir çox şəhərlərdə 6 ay yüksək temperatur olur, yaşamaq və işləmək olmur. Ona görə də kişilər işləyir, ailəsi burda qalırdı. Ayda 1500-2500 dollar pul xərcləyən adamlar idi». Amma vizaların çətinləşməsi bu sahəyə də təsirini göstərib. Yeri gəlmişkən, İraq vətəndaşları üçün sərhəddə viza verilməsinin dayandırıldığını bu ölkənin Azərbaycandakı səfirliyində də təsdiqləyiblər. Səfirlikdən bildirilib ki, bu dəyişiklik Azərbaycan tərəfinin təşəbbüsü ilə olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?