İranda xarici ölkələrə səfər edən vətəndaşlarına tətbiq edilən verginin artımı Novruz bayramı ərəfəsində Azərbaycana gələn turist sayına təsir etməyəcək.
Bu sözləri açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, turist səfərləri əvvəldən planlaşdırıldığından vergi artımı səfər planlarını təxirə salmır:
“Təcrübə göstərir ki, vergilərin artırılması turistlərin səfər planına o qədər də təsir etmir. İstək varsa, ailə ilə planlaşdırılıbsa, adətən, vergilərdəki artım bu plana mane olmur. Turizm səfərlərində gediləcək ölkə 95 faiz hallarda əvvəldən planlaşdırılır. Ona görə də düşünmürəm ki, İranda vergilərin artırılması Azərbaycana bu ölkədən gələnlərin sayına mənfi təsir etsin”.M.Ağakərimov hesab edir ki, Novruz bayramında ölkəmizə gələn turistlərin sayında İran vətəndaşları birinci yerlərdə olacaq:
“Aldığımız məlumata görə, hotellərdə yerlər bronlaşdırılıb, İrandan gələndən turistlərin sayında isə artım olacaq. Turizm elə sahədir ki, bir neçə manatlıq artım istəyin qarşısını ala bilməz. İrandan Azərbaycana gəlməyi planlaşdıranlar mütləq gələcək. Bu ölkədən turistlər əsasən ailə ilə birlikdə gəlir və yerlər əvvəldən bronlaşdırırlar.
Novruz bayramı ərəfəsində Azərbaycana turistlər əsasən, İran, Ərəb ölkələri, Rusiya və Belarusdan gəlir. Müşahidələrimiz göstərir ki, Orta Asiya ölkələrindən də bu bayramda gələnlər olur. Rusiyadan gələn azərbaycanlılar həmin ölkədəki dost-tanışları, Rusiya vətəndaşları ilə birlikdə gəlir. Ümumiyyətlə, Novruz bayramı ərəfəsində Azərbaycana turist axının çox olmasının başlıca səbəbi Azərbaycanda bu mərasimlərin təmtəraqlı, özünəməxsus və yüksək səviyyədə keçirilməsidir. Buna görə də, bayram ərəfəsində yenə də ölkəyə turist səfərlərində artım olacaq”.
Qeyd edək ki, İran qanunvericiliyinə uyğun olaraq, bu ölkənin vətəndaşları xarici səyahətlərə gedərkən dövlətə müəyyən qədər vergi ödəyir. Hazırda İrandan başqa ölkəyə təyyarə ilə səfər edənlər 15 dollara, quru nəqliyyatı ilə gedənlər isə 7 dollara yaxın vergi ödəyir. Martın 20-dən bu vergi bahalaşacağı barədə məlumatlar yayılıb. Məlumata görə, bu qərar qəbul ediləndən sonra təyyarə ilə gedənlər 45 dollar, quru nəqliyyatı ilə xaricə səfər edənlər isə 15-20 dollar vergi ödəməli olacaqlar./publika
Sorğu
Yeni dizaynımız necədir?