Yanvarın 17-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına görə növbəti faizləri ödəniləcək.
Gundemxeber.az “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, bu, 2019-cu ilin ilk faiz ödənişi olacaq. Hər istiqraz üçün 12,5 ABŞ dolları olmaqla, ümumilikdə, 1,25 mln. dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Azərbaycan Mərkəzi Bankındakı hesabına köçürülüb. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 9-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11,25 mln. dollara yüksəlmiş olacaq. Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 mln. dolları keçib və "Bakı Fond Birjası" QSC-də ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb. 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?