Maliyyə Bazarlarına Nəzarət Palatası qaydaları açıqladı
Fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlərə dair prezidentin fevralın 28-də imzaladığı fərmanın icrası istiqamətində daha bir addım atılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edən qaydaları açıqlayıb.
Qaydalara əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir.
Kompensasiyanın ödənilməsi qaydası
Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir.
Maliyyə Nazirliyi bu qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür.
Palatanın bu qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir;
- bu qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.
Bu qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borclarının fiziki şəxs tərəfindən 2019-cu il martın 1-dən sonra (2019-cu il martın 1-i daxil olmaqla) ödənildiyi müəyyən olunduqda, kredit təşkilatı kompensasiyanın ödəniş müddəti keçmiş əsas kredit borcunun ödənilməsinə yönəldilən hissəsinin 5 (beş) iş günü müddətində həmin fiziki şəxsə qaytarılmasına (onun sərəncamına verilməsinə) dair fərmana və bu qaydaya uyğun tədbir görür.
Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir.
Bank olmayan kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilir.
Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçirirlər. Banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar banklar və poçt rabitəsinin milli operatoru tərəfindən pul köçürməsi (fiziki şəxsin adına bank hesabı açılmadan nağd pulun onun xeyrinə köçürülməsi əməliyyatı) yolu ilə verilir.
Kompensasiyanın verilməsini həyata keçirən bank və ya poçt rabitəsinin milli operatoru tərəfindən həmin ödəniş kartının verilməsinə və həmin ödəniş kartı ilə həyata keçirilən əməliyyatlara, habelə pul köçürməsinə görə komisyon haqların tutulmasına yol verilmir.
Ödəniş kartları banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 1 il müddətə emissiya olunur. Ondan sonra kompensasiya əldə etmək üçün müraciət edən fiziki şəxslərə həmin kompensasiyanın ödənilməsi üçün ödəniş kartları bankların və poçt rabitəsinin milli operatorunun müraciət tarixinə qüvvədə olan xidmət haqlarının müqabilində verilir.
Faiz və dəbbə pulu necə silinəcək?
Qaydaların 5-ci bəndinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu barədə Palataya məlumat verir.
Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir:
Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir;
Əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə - faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir;
Əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə - faiz və dəbbə pulları aşağıdakı qaydada silinir:
- kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox - kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda -kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla.
Sorğu
Yeni dizaynımız necədir?