BMT-nin yeni korrupsiya qanunu rejim mənsublarına hansı perspektivi vəd edir?
BMT korrupsiyadan qidalanan dövlətləri terrorun himayəçiləri qədər təhlükəli elan etmək istəyir. Xatırladaq ki, belə bir layihə uzun müddətdir ki, müzakirə olunurdu və onun bu yaxınlarda qəbul olunacağı gözlənilir. Qərb ölkələri - ABŞ və Avropa BMT xətti ilə korrupsiyanı dünyaya təhlükə elan edəcək və rüşvətxorluğa qarşı mübarizə terrorla mübarizə ilə eyniləşdiriləcək. Bu isə o deməkdir ki, korrupsioner rejimlərin bərqərar olduğu ölkələrə hərbi müdaxilə variantları da tətbiq ediləcək. Qərb ölkələri - ABŞ və BMT Azərbaycanı bu siyahıya əlavə edəcəklərmi və ya belə olan halda Azərbaycanı hansı aqibət gözləyə bilər? Bu istiqamətdə diskusiyalar artıq intensivləşib. Dünya düzənini açıq cəmiyyətlər üzərində quran güclər anlayıblar ki, qapalı cəmiyyətlər və rejimlər bunun üçün başlıca təhdid mənbələridir. Beləliklə qərara gəlinib ki, bunlar demokratik rejimlərlə əvəz olunmalıdır. Qeyd edək ki, artıq bu istiqamətdə böyük miqyasda işlər görülməyə başlanılıb. Qapalı rejimlər dünyada yeni təhdidlər adlanan narkobiznes, terrorizm, korrupsiya və çirkli pulların yuyulması üçün əsas mənbələr hesab olunurlar. Bu təhdidləri aradan qaldırmadan yeni dünya düzəninin bərpa olunması mümkün deyil. Ona görə də, bu rejimlərə qarşı mübarizəyə başlanılıb. Digər tərəfdən korrupsiyanın terrorizmlə bir səviyyəyə qaldırılması onunla bağlıdır ki, bütün cinayətlərin mənbəyi rüşvətdən qaynaqlanır. Belə ki, korrupsiya olan yerdə ortalığa xeyli miqdarda çirkli pullar çıxır. Çirkli pulların yuyulması üçün cinayət əlaqələrinə girmək tələb olunur. Bu zaman rejimlərin terrorist qruplarla əlaqəyə girməsi qaçılmaz olur. Böyük çirkli pullar da məhz qapalı rejimin olduğu ölkələrin iqtisadi və maliyyə sistemində yuyulur. Bildiyimiz kimi, Azərbaycanın tənqid olunduğu məsələlərdən biri də çirkli pulların yuyulmasına qarşı aparılan mübarizəyə lazımı dəstək verməməsidir. Əgər korrupsiya ilə mübarizə terrorizmlə mübarizə səviyyəsinə qaldırılacaqsa təbii ki, ilk növbədə rüşvət məsələsində öndə gedən ölkələr əsas hədəflərə çevriləcəklər. Qeyd edək ki, Azərbaycan da bu sahədə dünya ölkələri sırasında öndə gedən ölkələrdən biridir.
Sorğu
Yeni dizaynımız necədir?