Ötən gün Yevlax-Zaqatala yolu istiqaməti, Şəki şəhərinin sonuncu kəndi sayılan Çayqaraqoyunlu kəndi ərazisində “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Bu barədə “SOCAR Petroleum” QSC-dən bildirilib.
Tədbirdə “SOCAR Petroleum”un baş direktoru Toğrul Seyidov, QSC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Tədbirdə T. Seyidov bildirib ki, “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq, “SOCAR Petroleum” Bakı şəhəri ilə yanaşı ölkənin digər müxtəlif bölgələrində də yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması üçün var gücü ilə çalışır: “Məqsədimiz istehlakçıları daim standartın bütün tələblərinə uyğun olan yanacaqla təmin etməkdir”.
“Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da, 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, “SOCAR Petroleum” 2008-ci ildən ölkə ərazisində SOCAR brendli yanacadoldurma məntəqələrinin inşası və istismarı işlərini həyata keçirir. Eyni zamanda, Cəmiyyət ölkə ərazisində “super”, “premium”, “A92”, “dizel” “CNG” və “LPG” yanacaq növlərinin satışını aparır. Cəmiyyətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin dördünün ərazisində digər yanacaq növləri ilə yanaşı qiymət baxımından xeyli sərfəli olan sıxılmış təbii qaz yanacağı da istehlakçılara təklif olunur. Bundan başqa, Zığ-Hövsan yolunda sıxılmış təbii qaz (CNG) doldurma məntəqəsi fəaliyyət göstərir ki, burada ancaq CNG yanacağının satışı fasiləsiz olaraq təmin edilir.
Sorğu
Yeni dizaynımız necədir?