Nəqliyyat nazirliyi qanunla bələdiyyələrə verilmiş hüququ mənimsəyib
gundemxeber.az “Nə sənəd? Mən nəqliyyat müfəttişinə, “uçaskovı”ya pul verirəm, day nə sənəd olmalıdır ki?”. Bu, “parkovka”ya yardım edən yol nəzarətçisinin ondan sənəd tələb edən sürücülərə verdiyi cavabdır. Belə ki, yol nəzarətçisi müəyyən vaxtdayolun kənarında maşın saxlayan sürücüdən pul tələb etdikdə sürücü ondan sənəd və çek istəyir, nəzarətçi bunların heç birinin olmadığını desə də, israr edir ki, sürücü pul ödəməlidir.
Günə 5-10 min manatlıq dövriyyə
Nəzarətçilərə yaxınlaşmamışdan öncə xeyli müşahidə apardıq. Müşahidəmiz nəticəsində nəzarətçilərin heç birinin sürücülərə çek vermədiyinin şahidi olduq. Nəzarətçilər təxminən 10 dəqiqə ərzində 8-12 sürücüyə maşını yolun kənarında yerləşdirmələri üçün köməklik edirdilər. Onu da deyək ki, hər 30-40 metrlik ərazi ayrı-ayrı nəzarətçinin “obyekt”i sayılırdı. Hər 30-40 metrdən bir “obyekti”olan nəzarətçilərin “Bakı Sərnişinnəqliyyat” MMC-yə gündəlik orta hesabla 5 manat “plan” verdiklərini nəzərə alsaq, sözügedən qurumun gün ərzində bütün şəhər üzrə təxminən 5-10 min manat arasında “plan” yığdığını demək olar. Amma bizim müşahidə etdiyimiz kimi, ortada çek yoxdursa, deməli, bu plandan 1 qəpik də dövlət büdcəsinə ödənilmir. Nəticədə itirən dövlət və vətəndaşlar olur. Mövzu ilə əlaqədar nəzarətçilərin gündəlik “plan”ı verdikləri “Bakı Sərnişinnəqliyyat” MMC ilə əlaqə saxladıq. MMC-dən bildirdilər ki, suallarımıza cavabı Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ala bilərik. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə yaradıb dayanacaqlardan gündəlik nə qədər gəlir əldə etdiklərini, qanunla bələdiyyələrin görməli olduqları işi niyə nazirliyin gördüyünü öyrənmək istəsək də, nazirlik sözçüsü telefonlarımıza cavab vermədi. Bələdiyyənin almalı olduğu pulu nazirlik yığır
Qeyd edək ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci maddəsinə görə, avtomobillərin dayanacaqları üçün rüsum bələdiyyələrin büdcəsini formalaşdıran gəlirlərdən biridir. Amma bu, faktiki 2005-ci ilə qədər belə olub. Adının çəkilməsini istəməyən bələdiyyə sədri bizimlə söhbətində bildirdi ki, qanuna heç bir dəyişiklik edilməsə də, 2005-ci ildən sonra avtomobillərin dayanacaqlarının idarə edilməsi əvvəlcə Bakı şəhər İcra Hakimiyyətinə, sonra da Nəqliyyat Nazirliyinə keçib: “Qanunla avtomobil dayanacaqlarından yığılan pullar bizim büdcəmizə daxil olmalıdır, bu işi biz idarə etməliyik, amma zorən bunu əlimizdən aldılar, indi pulu Nəqliyyat Nazirliyi yığır. Dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə və Nəqliyyat Nazirliyinə müraciət etsək də, əsassız bəhanələr gətirirlər. Nəqliyyat Nazirliyindən bildirirlər ki, mərkəzi yollar onlara məxsusdur. Yaxşı, belə olsun, amma heç olmasa, mərkəzdən kənar yollarda avtomobil yollarının idarə edilməsini bizə versinlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?