Neftin qiymətlərində düşüş davam edir. Aprelin 20-də ABŞ-da xam neftin barreli 15 dollardan da aşağı düşüb. Bu, son 20 ildə Qərbi Texas nefti (WTI) üçün ən aşağı səviyyədir.
Brent nefti isə 2 faizdən artıq ucuzlaşıb, barreli 27 dollardan düşüb. Rusiyanın əsas indeksi sayılan Ural nefti aprelin 17-də 1 faizdən çox ucuzlaşmışdı, barreli 23 dollardan bir az artıq idi.
Neft qiymətlərinin bu həddə iflası koronavirus pandemiyasına görə hökumətlərin biznes və fərdlərə tətbiq etdiyi qadağalarla bağlıdır. Digər tərəfdən Rusiya və Səudiyyə Ərəbistanı hasilatı azaltmaqla bağlı razılıq əldə edə bilməyəndən sonra dünyada neft təchizatı sürətlə artdı. Nəticədə bazarda ifrat neft bolluğu yarandı.
Qiymət iflası neft və qaz ixracından asılı hökumətləri narahat etməyə başlayıb. Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela, İran, eləcə də Azərbaycan bu ölkələr sırasındadır. OPEC+ formatında neft ölkələri arasında hasilatın may ayından başlayaraq sutkada 10 milyon barrel azaldılması barədə bu günlərdə əldə edilmiş anlaşmanın qüvvəyə minməsinə az qaldığı bir vaxtda yeni ucuzlaşma dalğası bu razılaşmanın gözlənilən effekti vermədiyi haqda narahatlıqları artırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?