Səudiyyə Ərəbistanı neft hasilatının məhdudlaşdırılması ilə bağlı qərara dəstək verib.
gundemxeber.az anspress-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanından OPEK-in iyunun 2-ə təyin edilmiş sammitində iştirak edəcək nümayəndə heyətinin üzvləri məlumat veriblər.
Sammit öncəsi təşkilatın qapalı iclasında iştirak edən Səudiyyə təmsilçisi "The Wall Street Journal"a bildirib ki, əgər OPEK-in hasilat səviyyəsi üçün nəzərdə tutulan limit sutkada 32,5 milyon barrelə qədər qaldırılarsa, Ər-Riyad neft hasilatını dondurmağa razılıq verəcək.
"Səudiyyənin verəcəyi qərar neftin mayın 9-dan bəri davam edən bahalaşmasına əlavə dəstək ola bilər"
May ayında OPEK ölkələrinin hasilatı 32,52 milyon barrelə düşüb. Apreldə isə hasilat 32,64 milyon barrelə bərabər olub. Yəni kartel üzvləri bir ayda gündəlik hasilatı 120 min barrel aşağı salıblar. Səudiyyənin təklifi gündəlik hasilatın daha 20 min barrel aşağı salınması ilə bağlıdır ki, bu hasilatın təxminən indiki səviyyədə dondurulması deməkdir.
OPEK-in dekabr ayında keçirilmiş iclasına qədər kartel üzrə hasilat limiti sutkada 30 milyon barrelə bərabər idi. Həmin iclasda hasilatın dondurulması barədə yeni müzakirələr aparılmalı idi. Amma kartel üzvləri məsələdə razılığa gələ bilməmişdilər.
Aprelin 17-də Dohada OPEK-ə daxil olmayan ölkələrin də iştirakı ilə neft hasilatının dondurulması üzrə yeni iclas keçirildi. Həmin iclasda hasilatın oktyabra qədər yanvar ayı səviyyəsində dondurulması təklif edilirdi. Lakin həmin iclasda razılıq əldə edilmədi.
"The Wall Street Journal"ın yazdığına görə, hasilatın dondurulmasının tərəfdarları sırasında Nigeriya, Qətər, Əlcəzair və Venesuela yer alır. Əlcəzair təmsilçisi bildirib ki, əgər OPEK bu məsələdə razılığa gəlməzsə, qiymətlərin iflası qaçılmazdır.
Lakin hasilatın dondurulmasının inadkar əleyhdarı da var. Bu, Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). BƏƏ neft hasilatının dondurulması üzrə əsas şərt kimi İranın da öz hasilatını dondurulmasını tələb edir. Tehranın isə bu məsələ üzrə şərti aydındır. İran neft hasilatını sutkada 4 milyon barrelə çatdırmayana qədər hasilatı artıracağını bildirir. Amma Tehran bu rəqəmə tezliklə çatacağını və hasilat səviyyəsini donduranlara qoşulacağını da vurğulayır.
Səudiyyə Ərəbistanı dünya neft bazarının önəmli iştirakçısıdır. Dünya üzrə 96,1 milyon barelə bərabər günlük neft hasilatının 10,3 milyon bareli bu ölkənin payına düşür, hazırda hasilata görə dünya ikincisidir. Ona görə də bu ölkənin verdiyi qərarın bazara təsir edə biləcəyi düşünülür. Dünyanın ən çox neft hasil edən ölkəsi Rusiya gündəlik hasilatı hazırkı 10,3 milyon bareldən yuxarı artırmaq niyyətində deyil. ABŞ-da isə şist nefti buruqlarının dayanması üzündən hasilat getdikcə azalmaqdadır və may ayında 9 milyon barreldən aşağı səviyyəyə düşüb.
Buna görə də Səudiyyə Ərəbistanın verəcəyi qərar neftin mayın 9-dan bəri davam edən bahalaşmasına əlavə dəstək ola bilər. Hazırda Brent neftinin barreli 50 dollara yaxınlaşır. OPEK hasilat səviyyəsini dondurarsa, dünya bazarında neft bahalaşaraq proqnozlaşdırılan 60-70 dollar/barrel səviyyəsinə çata bilər. Bu isə Azərbaycan kimi neft hasil edən ölkələrin büdcə və monetar probemlərdən uzaq olması deməkdir. Neftin qiyməti 60-70 dollar/barrelə qalxarsa, Azərbaycanın bu ilki neft gəlirləri 3-4 milyard dollar arta bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?