Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin İzmir şəhərində BP şirkəti (British Petrol) ilə birgə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya layihəsi olan “Mercury” ilə bağlı qərar 2022-ci ildə veriləcək.
Gundemxeber.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə Enerji” və “Petkim Holdinq”in İdarə Heyətinin sədr müavini Vaqif Əliyev deyib.
Layihə ilə əlaqədar BP şirkəti ilə aparılan danışıqlar davam etdirildiyini söyləyən V.Əliyev BP şirkətinin hazırda neft-kimya sənayesi bazarından çıxdığını da diqqətə çatdırıb: “Hazırda BP şirkətinin neft-kimya zavodlarını və bütün təsislərini alan INEOS və digər investorlarla görüşlər həyata keçirilir. Türkiyədəki ikinci neft-kimya layihəmiz olan “Mercury”nin uzunmüddətli olaraq təxirə salınmasına qarşıyıq. Bu sərmayə reallaşdırılmalıdır. Layihəni neft-kimya sənayesində təcrübəsi olan bir şirkətlə və ya maliyyə tərəfdaşı ilə birgə həyata keçirə bilərik. Son dövrdə ikinci variantı, yəni maliyyə tərəfdaşı ilə birgə əməkdaşlığı daha çox düşünürük”. Qeyd edək ki, BP 2020-ci ilin iyun ayında neft-kimya biznesini 5 milyard dollara iqamətgahı Londonda yerləşən İngiltərənin neft-kimya şirkəti INEOS-a satıb. Bu, SOCAR-ın BP şirkəti ilə birgə ərsəyə gətirməyi planlaşdırdğı yeni neft-kimya kompleksi (“Mercury” layihəsi) ilə bağlı işlərin səngiməsinə səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?