“SOCAR-Cape” xarici neft şirkəti məhkəməyə verilib. Bu barədə virtualaz.org saytına vəkil Azər Quliyev məlumat verdi.
Vəkil dedi ki, şirkətdə çalışan azərbaycanlı mütəxəssislərə qarşı ayrı-seçkilik var: “Hazırda Xətai Rayon Məhkəməsində şirkət əməkdaşlarının iddia ərizəsinə baxılır. Şirkət Əmək Məcəlləsinin tələblərini pozmaqdan əlavə iş saatlarının məvacibini ödəmir. Buna görə də əməkhaqlarının ödənilməsi, eləcə də dəymiş zərərin müqabilində kompensasiya verilməsi tələbi ilə iddia qaldırılıb”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə şirkətlə bağlı beynəlxalq hüquq təşkilatlarına müraciət edildiyini deyib: ““SOCAR-Cape” texniki istismar işləri üzrə “BP-Azerbaijan” şirkətinin keçirdiyi tenderdə qalib gəlib. Bundan sonra “SOCAR-Cape” ilə “BP-Azerbaijan” arasında podrat işləri üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət 5 il ərzində BP-nin sifarişini yerinə yetirəcək”.
Hüquq müdafiəçisi deyib ki, Britaniya vətəndaşları olan Alan Dolan, Allistr MakDoff, Pat MakArdli və Devid Peyc adlı şəxslər şirkətin idarə heyətinə təyin ediilb: “Yeni gələn əcnəbi rəhbərlər isə yerli işçilərə qarşı sərt mövqeyi ilə seçilirlər. Əcnəbi rəhbərlər əmək müqavilələrinin bağlanması, əmək haqlarının ödənilməsi, iş prosesi və digər məsələlərdə “yeniliklər” tətbiq etməyə başlayıblar”.
M.Qəhrəmanlının sözlərinə görə, yerli işçilərə qarşı diskrinimasiyaya başlanılıb. Təcrübəli milli kadrlar işdən azad edilir, yerinə isə əcnəbilər təyin olunur: “Təşkilata daxil olan məlumatda deyilir ki, şirkətdə çalışan əcnəbi işçilər arasında əksəriyyətin fərdi əmək fəaliyyəti üçün icazəsi yoxdur. Lakin onlar yüksək məvacibli işlərdə çalışdırılırlar”.
M.Qəhrəmanlı bildirib ki, şirkətdə çalışan yerli fəhlələrdən ingilis dilində danışmaq tələb olunur. Bu isə azərbaycanlı işçilərin əcnəbilərlə əvəzlənməsi məqsədi güdür. Şirkətdə çalışan yerli fəhlə ilə əcnəbi fəhlənin məvacibi arasında 5-10 dəfə fərq var. Azərbaycanda mütəxəssis və işçi qüvvəsinin olduğu halda əcnəbilərin işə dəvət edilməsi Azərbaycanın pullarını göyə sovurmaqdır”.
Hüquq müdafiəçisi Azərbaycanın qanunlarına məhəl qoymayan şirkətlə bağlı araşdırmalar aparıldığını da vurğuladı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?