Ramiz Həsənov: ““Avro-3”ə keçidlə əlaqədar yanacağın qiyməti artırılacaq”
Gələn il yanvarın 1-dən “Avro-3”ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qiymətinin qalxma ehtimalı var.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
“Biz “Avro-3”ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə “Avro-4”, “Avro-5” standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır” - deyə R.Həsənov bildirib.
Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: ““Avro-3” standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir”.
Xatırladaq ki, bundan əvvəl maliyyə naziri Samir Şərifov gələn ildən yanacaq, elektrik, su və communal xidmətlərin tariflərinin artırılmasının qaçılmaz olduğunu bildirmişdi. 2014-cü ilin büdcəsində dövlət strukturlarına yanacaq, elektrik, qaz və kommunal xidmət tariflərinin haqqının ödənilməsi üçün təxminən 20-40 faiz arası artıq vəsait nəzərdə tutulub. Bununla belə Tarif Şurası bahalaşma barədə məsələnin hələ gündəmdə olmadığını bildirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?