Müasir dövrümüzün əsas tələblərindən biri də internetdir. Təsadüfi deyil ki, hazırda yaşadığımız dövrə internet əsri də deyilir. Dünyanın bir çox ölkəsində internetin sürəti ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bir müddət əvvəl Yaponiya alimləri kommersiyada mövcud olan optik lifdən istifadə etməklə məlumat ötürmə sürəti üzrə dünya rekordu müəyyənləşdiriblər. Bu isə saniyədə 402 terabit sürət deməkdir. Bildirilir ki, bu sürət bir saniyədə təxminən 12 500 film yükləməyə imkan verir.
Bu rekord hazırda dünya ölkələri tərəfindən izlənilir. Təbii ki, Azərbaycanda da internetin sürəti ilə bağlı müəyyən müsbət addımlar atılıb. Amma buna baxmayaraq, internetin sürəti ilə bağlı narazılıqlar hələ də kifayət qədərdir. Hətta bəzi yaşayış məntəqələrində ümumiyyətlə internet əlçatanlığı yox səviyyəsindədir. “Speedtest Global Index”in məlumatına görə, hazırda Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 39,48 MB/S sürətlə 118-ci yerdə qərarlaşıb. Siyahıda sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (289,98 MB/S), axırıncı yeri isə Kuba (2,69 MB/S) tutub. Azərbaycan mobil internetin sürətinə görə isə 51,18 MB/S sürətlə 147 ölkə arasında 59-cu olub. Siyahıda mobil internetin sürətinə görə birinci yerdə Qətər (329,37 MB/S), sonuncu yerdə isə yenə də Kuba (3,77 MB/S) qərarlaşıb.
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev açıqlamasında Yaponiya alimlərinin uğurunu yüksək nailiyyət kimi qiymətləndirib.
Onun sözlərinə görə, amma bu yeni kabel növü deyil, sadəcə daha əvvəl istifadə olunmamış dalğa uzunluqlarından istifadə etməklə yüksək sürət əldə edilib: “Nəzərə alsaq ki, dünyadakı data trafikinin 99%-i dənizlər və okeanların dibi ilə aparılan kabellərlə mümkün olur. Peyk rabitəsi stabil internet və əlaqə üçün çox münasib deyil. Peyk rabitəsinin hava və digər şəraitlərə görə təsirlənməsi mümkündür. Okeanı keçən ilk fiber-optik kabel olan TAT-8 14 dekabr 1988-ci ildə xidmətə başlayıb. Britaniya Telekom və Fransa Telekom Şimali Amerika ilə 5846 km dəniz dibi məsafəsini əhatə edən fiberoptik xətti 280 Mbps sürətə sahib idi. O dövrdən sonra dənizaltı fiberoptik kabellərin sürəti və sayı kifayət qədər çoxaldı. Sahibləri Edge Cable Holdings (Facebook), AquaComms, Cable & Wireless Americas Systems (Vodafone), Microsoft və Orange olan Amitié kabeli, Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanı birləşdirən özəl transatlantik fiberoptik kabelidir. Bu kabel 2020-2023-cü illər arasında həyata keçirilmiş və sürəti 320 Tbit/s-dır. Bu kabelin 16 fiberoptik cütü var və bir kabel 23 Tbit/s sürət qabiliyyətinə malikdir”.
Mütəxəssis bildirib ki, bu sürətlər hazırda dünyanın data alış-veriş ehtiyacını qarşılamaq üçün icad edilən fiberkabel texnologiyalarıdır: “Amma daxili datacenterlərdə isə sürətlər adətən Gbps ilə ölçülür. Məsələn, 400 Gbps sürətə sahib 150 m məsafəyə qədər məlumat ötürə bilən 1000BASE-SR4 standartlı kabeli misal göstərmək olar”.
Bəhruz Əliyev vurğulayıb ki, bu gün Yaponiya alimlərinin laboratoriya şəraitində çatdıqları sürət reallıq ilə eyni olmayacaq: “Praktiki olaraq, müxtəlif təsiredici məqam hər zaman mümkündür. Amma nəzərə alsaq ki, 402 Tbps sürət, 402/8=50.25 TB datanın 1 saniyədə köçməsinə bərabərdir. Bu da 4K-lıq 1 saatı 30GB olan video ilə hesablasaq, 1716.2 saatlıq videodur. Yəni sizin 1 saniyədə endirdiyiniz data film olsaydı, bu filmə 71 gün 4K keyfiyyətində baxa bilərdiniz”.
Dünya ölkələrinin internetə çıxış sürətinin böyük və kiçik olmasının onların qoşulduğu magistral fiberoptik xətlərdən də asılı olduğunu söyləyən mütəxəssis vurğulayıb ki, ona görə də bəzən ölkələr öz sürətini, bant genişliyini artırmaq üçün birlikdə hərəkət edərək fiberoptik kabellər çəkirlər və magistral xətlərə daha yüksək sürətlə qoşulurlar: “Bu da sürətin artmasına gətirib çıxarır. Okeana bitişik dənizlərə və okeana yaxın ölkələrin şansı kontinental yerləşən ölkələrə görə daha yuxarıdır. Açıq dənizə çıxış üstünlüyünün tarixi müharibələrə səbəb olmasının müasir bir səbəbini burada da görə bilərik. Amma nəzərinizə çatdırım ki, dünyada internet sürətinə görə Yaponiya birinci deyil. Ookla şirkəti may ayında Speedtest Qlobal İndeksi tərtib edib. Bu index stabil internet və mobil internet üzrə tərtib olunub. İlk 10 yer aşağıdakı şəkildə göstərilmişdir. Bu index-ə görə Azərbaycan mobil internet üzrə Qafqazda birincidir. Şəkildə ortalama olaraq, ölkələr üzrə sürətlər göstərilmişdir. Bütün sürətli internetə sahib olan ölkələrin birbaşa okeana çıxışının olması bir daha göstərir ki, coğrafi faktor bu məsələdə ciddi əhəmiyyət daşıyır”.
B.Əliyev Azərbaycanda da fiberoptik kabel strukturunun yenilənməsinin davam etdiyini xatırladıb: “Artıq bölgələrdə GPON adlanan fiberoptik texnologiyalardan istifadə edilərək, internet xətləri çəkilir. Köhnəlmiş və telefon əsaslı ADSL xətləri artıq tarixə qovuşur. Bəzi ucqar kəndlərdə GPON texnologiya ilə evlərə fiber internet çəkildiyini müşahidə etmək mümkündür. Təbii ki, əskiklər mövcuddur və ümumi strukturun inkişafına fiber layihələrin həyata keçirilməsinə ehtiyac vardır. İstifadə olunan avadanlıqlar da sürətə uyğun, düzgün təyinatlı və tələb olunan trafikə cavab verə bilməlidir. Qəbul etməliyik ki, fiber kabellərin çəkilişi davamlı gedən prosesdir. Dayanmadan davam etməliyik. Bu məsələdə internet provayderlərin də marağı və kefiyyətli xidmət göstərməsi onun vizyonu və xidmət etikası ilə də bağlıdır. Ümid və arzumuz odur ki, bu sferada olan hər bir kəs əlini daşın altına qoyaraq müasir tələblərə cavab vermək üçün əlindən gələni əsirgəməyəcək. Biz birlikdə hər növ müsbət inkişaf yolunu keçməyə qadir və potensialı olan bir ölkəyik və davamı olaraq inkişaf üçün çalışmalıyıq”./ iqtisadiyyat.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?