Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya daha 1 milyard avro vəsait ötürüb.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün "Telegram" kanalında məlumat verib.
"Ukrayna Avropa İttifaqından dondurulmuş Rusiya aktivlərindən əldə olunmuş gəlirlər hesabına bir milyard avro aldı. Bu il ərzində Ukraynaya artıq 18.5 milyard dolları keçən vəsait bu mənbədən yönəldilib", - deyə Şmıqal bildirib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında "Böyük yeddilik" (G7) ölkələrinin liderləri Ukraynaya 50 milyard dollar məbləğində kredit ayrılması mexanizmi barədə razılığa gəlmişdilər. Həmin razılaşmaya əsasən, bu kreditin ödənişi gələcəkdə dondurulmuş Rusiya suveren aktivlərindən əldə ediləcək gəlirlər hesabına təmin olunacaq. Razılaşmada ABŞ 20 milyard dollar ayırmağı, qalan 30 milyardı isə G7 və Aİ birlikdə qarşılamağı öhdəsinə götürmüşdü. Hazırda Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiya Federasiyasına məxsus təxminən 300 milyard dollar həcmində aktivləri dondurub. Bu vəsaitin 5-6 milyard dolları ABŞ-də, əsas hissəsi isə Avropada, xüsusən də Belçikadakı "Euroclear" platformasında yerləşir. Burada təxminən 210 milyard dollar saxlanılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?