Əhalinin banklara ümumilikdə 6 milyard 420 milyon manat borcu var. İqtisadi Tədqiqatlar Mərkəzindən virtualaz.org saytına verilən məlumatda belə deyilir.
Mərkəzin rəhbəri Qubad İbadoğlu kreditlərlə bağlı vəziyyəti təhlil edib. İqtisadçı deyib: “Yüngül şərtlər və ağır ödəniş yükü ilə verilən kreditlər yoxsul təbəqə üçün deyil. Buna baxmayaraq son zamanlar ailə büdcəsini idarə etməkdə çətinlik çəkənlərlə yanaşı başqalarının yaşayışında baş verən dəyişiklikləri və şirnikləşdirici reklamları müşahidə edərək, özünün deyil, özgəsinin hesabına zəngin yaşamaq üçün banklara və qeyri-bank kredit təşkilatların müraciət edənlərin sayı artıb. Hətta doğum gününü qeyd etmək, xaricə istirahət səfərinə getmək üçün də bahalı kreditlərə müraciət edənlər var. Artıq bəzi banklar yeindən maliyyələşdirmə adı altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli şərtlərlə kreditlər vəd edirlər. Borclarını qaytara bilməyənlər isə başqa banklara və şəxslərə olan borclarını qaytarmaq üçün onlara üz tuturlar.
Qisamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda risklər getdikcə artır və kütləviləşir”.
Q.İbadoğlu bildirib ki, hazırda Azərbaycanda cəmi kredit qoyuluşları 15 milyard 245 milyon manatdan çox olub. Bu göstəricinin 34,2 faizi Beynəlxalq Bankın payına düşür: “Vaxtı keçmiş kreditlər 795 milyon manat və ya 1 milyard dollardan çoxdur. Bu isə cəmi kredit qoyuluşunda 5,2 faiz təşkil edir. Cəmi kredit qoyuluşlarının 39,6 faizi və ya da 6 milyard 420 milyon manatı ev təsərrüfatlarının payına düşür. Bu isə o deməkdir ki, iqtisadiyyata kredit qoyuluşların hər 5 manatından 2-si ev təsərrüfatlarının istehlak ehtiyaclarının ödənilməsinə yönəlir. Nəticədə də ev təsərrüfatlarının getdikcə artan borc öhdəlikləri fonunda onların maliyyə vəziyyətinin pisləşməsi riskləri yaradır”.
İqtisadçı desab edir ki, bankdan yüksək faizlə kredit götürülməsi ev təsərrüfatlarının ödəmə qabiliyyətlərinin pisləşməsi, onların öhdəliklərini yerinə yertirə bilməməsinə və borc piramidalarının inkişafına gətirib çıxara bilər: “Bundan əlavə, ailə büdcəsində kreditlərə görə borc və faiz ödənişlərinin payının artması onun strukturunun pisləşməsinə və bütövlükdə sosial vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarar. Həmçinin inflyasiyanın getdikcə yüksəlməsi səbəbindən əhalinin digər xərcləmələrinin artması onun banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməməsinə və kredit münaqişələrinin çoxalmasına səbəb olar. Ona görə də varlıların pulu (depozitləri) hesabına kasıblara ayrılan bahalı kreditlər depozit faizlərinin yüksək olması səbəbindən bir tərəfdən varlıları daha da varlandıra, digər tərəfdən isə kredit öhdəliklərinin ağır olması ucbatından kasıbları daha da yoxsullaşdıra bilər. Ona görə də əhali kredit götürərkən ehtiyatlı olmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?