“Sabiq səhiyyə naziri Əli İnsanov konkret dövlət cinayətlərində ittiham olunur. Və o, öz əməllərinə görə cavab verməlidir”.
Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində hakim Yeni Azərnaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, bunu sabiq nazirin son bəyanatlarını şərh edərkən bildirib.
S.Novruzovun sözlərinə görə, Əli İnsanov ona heç bir halda kömək etməyəcək səhv bir taktika seçib.
“Biz demokratik ölkədə yaşayırıq. Əli İnsanov apelyasiya şikayəti verib, məhkəmə də onun şikayətinə baxır. İnsanov isə törətdiyi əməllərə haqq qazandırmaq əvəzinə hakimiyyəti ittiham etməyə başlayıb. Bu da yaxşı taktika deyil və sabiq nazirə kömək etməyəcək. Azərbaycanda ədalət mühakiməsi var, hamı qanun qarşısında bərabərdir. Əli İnsanov deyir ki, o, hakim Yeni Azərbaycan Partiyasının qurucularından biridir. Bunu heç kim inkar etmir. Amma hər hansı partiyanın üzvü olmaq heç kimə əlavə imtiyaz, üstünlük də vermir. İstənilən adam, hər kəs, o cümlədən hakim partiya üzvləri də partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir” - deyə S.Novruzov bildirib.
Yada salaq ki, Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs olunub. O, əvvəlcə dövlət çevrilişi cəhdində ittiham olunub. 2007-ci ildə isə sabiq nazir iqtisadi cinayətlərdə suçlanıb və 11 il həbs cəzasına məhkum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?