Bakı Vaqon Deposunun kişi bələdçiləri Zakir Qaralova müraciət etdilər
Neçə müddətdir ki, üsyan püskürən Bakı Vaqon Deposunun kişi bələdçiləri Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov şikayət məktubu ilə müraciət ünvanlayıblar. Bir nüsxəsi də “Gündəm Xəbər” qəzetinə təqdim olunan şikayət məktubunda narazı vətəndaşlar bildirir: “Hörmətli Baş Prokuror, biz Bakı Vaqon Deposunun kişi bələdçiləri, həmin ərizəmizlə yazıb, sizə bildiririk ki, uzun müddətdir adı yuxarıda çəkilən təşkilatda (ADDY QSC) işləyirik. İşlədiyimiz müddət ərzində səhmdar cəmiyyətin rəhbərləri tərəfindən təhqir və təzyiqlərə məruz qalmışıq. Belə ki, Sovetlər birliyi dağılandan sonra vaqonun heç bir ehtiyat hissələri olmadığını nəzərə alaraq işimizi itirməmək xatirinə məcbur olub vaqonun təmirinə aid ehtiyat hissələrini və daxili avadanlıqları öz vəsaitimiz hesabına müəyyən yerlərdən alıb düzəltdirmişik. Deponun rəhbərləri bizim vəsaitimiz hesabına alınmış materialları vaqonun təmiri üçün tutulmuş smeta layihəsinə daxil edərək mənimsəyiblər. Kişilərdən ibarət olan bələdçilər briqadaları 1996-cı ildən 2012-ci ilə qədər şimal istiqamətə və yerli qatarlarda işləmişlər. Bu müddət ərzində bizə bir qəpik də olsun ezamiyyət pulu ödənilməyib. Beynəlxalq reyslərdə işlədiyimiz üçün ayrılan ezamiyyət pulları rəhbərlik tərəfindən mənimsənilib. Vaqonların səfərə hazırlanması bizim tərəfimizdən həyata keçirilmiş, halbuki ondan ötrü “Ekipikovka” deyilən ştatda xadimələri olan qurum fəaliyyət göstərir. Vaqonların səfərə hazırlanması üçün lazım olan təchizatlar öz vəsaitimiz hesabına alınır. Ümumiyyətlə, heç bir geyim forması ilə kişi bələdçilər təmin olunmur. Bunları tələb etdikdə işdən qovulmağımızla hədə-qorxu gəlirlər. Bildiririk ki, RE-nin və Ukraynanın vaqon təmiri zavodunda təmir olunub qayıdan vaqonları biz kişi bələdçilərə vermirlər. Kişi bələdçiləri kütləvi şəkildə işdən sıxışdırıb çıxarırlar. Bakı-Moskva, Bakı-Xarkov Tbilisi Beynəlxalq qatarları, yerli qatarlardan Bakı-Ağstafa, Bakı-Qazax, Bakı-Bərdə-Balakən qatarları tamamilə qadın bələdçilərə verilib. 2012-ci ilə qədər bələdçilərin sayının 90 faizini kişilər təşkil edirdisə, hal-hazırda 10-20 faizini təşkil edir. Onu da qeyd edək ki, qadın bələdçiləri 1 illik əmək müqaviləsi ilə işə götürürlərsə, biz Sovetlər birliyindən işləyən kişi bələdçilərlə əmək müqaviləsi bağlamaq istəmirlər. Hansı məqsəd güdüldüyü bizə də məlum deyil. Əmək haqqına gəldikdə, maaşımız olduqca azdır, işlədiyimiz saatlar düzgün hesablanmır. Şərəf və ləyaqətimiz təhqir olunur. Yol idarəsinin rəis müavini Ə.Süleymanov deyir ki, kişilər qalıb işləmək istəyirlərsə, don geyinsinlər, onlardan qoyun iyi gəlir və s. Özləri dəmiryol fəhləliyindən bu vəzifəyə gəliblər, bu günkü gündə çirkli pullar onların gözlərini tutub. Özləri üçün dövlətin pullarını mənimsəməkdə hər şey əldə ediblər. İdarənin yaxınlığında olan döşək ağlarının yuyulması sexi şəxsi mülkləridir. Bu, bizim göz qabağımızda olan ən zəif obyektləridir. Dəmir yolu həyəcan təbili çalır. Gördüyümüz kimi, dəfələrlə yük qatarlarının aşması, vaqonların və lakomativlərin köhnə, yarasız olması faktdır. Bütün dəmiryolçuların az maaş alması, 30-40 illərdir ki, mənzil növbəsində olmasına baxmayaraq mənzillə təmin olunmaması dəmir yol rəhbərlərinin səriştəsizliyinin sübutudur. Möhtərəm Prezidentimiz gecə-gündüz çalışır insanlara iş yeri açılsın, insanlar firavan yaşasın, məmur özbaşınalığına son qoyulsun, bunlar əksinə edirlər. Çox Hörmətli Baş Prokuror, bu günkü gündə vəziyyətimiz olduqca acınacaqlıdır. Biz ailə sahibiyik. Dövlətimiz üçün sağlam əsgər və ana böyütməliyik. Artıq normal insan kimi yaşaya bilmirik. Maaşın az olması, ədalətsizlik, təhqir və təzyiqlər pik həddə çatıb. Bunları rəhbərlik qəsdən edir. Bizə elə gəlir ki, dövlətimizin çiçəklənməsi, iqtisadiyyatımızın yüksəlməsi, Avropaya inteqrasiya bunların ürəyincə deyil, ona görə də bizləri sosial narazılıq yaratmağa təhrik edirlər, biz isə buna getməyəcəyik. Biz dövlətimizin rəhbərinə inanırıq və həmişə ona sadiqik. Buna görə də əksəriyyətimiz YAP-ın üzvləriyik. Onu da qeyd edək ki, bu neqativ hallar haqqında bir neçə mötəbər orqanlara müraciət etsək də, hələ cavabsız qalmışıq. Bu müraciət və şikayətlərin cavabsız qalmasına rəhbərlər gülürlər, “gedin hara istəyirsiniz şikayət edin, indi Sovet dönəmi deyil” deyirlər. Bizim axırıncı ümidimiz sizsiniz. Sizdən çox-çox xahiş edirik günahkarlar cəzasın alsınlar. Ya bizim əlimizi kəsin, ya ətəyinizi”. Bildirək ki, müraciəti Bakı Vaqon Deposunun kişi bələdçiləri adından Sahibov Mirşahid, Babyev Oktay, Tağıyev Nəriman, Məmmədov Neman, İsayev Maarif, Vəlixanov Adil, Məmmədov Nadir, Əsədullayev Əşrəf, Günəşov Rafiq, İsmayılov Vidadi, Rzayev Rövşən, Qafarov Cavanşir, Əliyev Yaqub, Həmidov Mehdi, Abdullayev Nizami, Əliyev Namudər və Qayayev Fərhad imzalayıblar. Nərmin
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?