Biri avtomobili, biri təyyarəni, insanların çoxu isə dəmir yolunu seçirlər. Çünki dəmiryolu bütün zamanlarda etibarlı, fasiləsiz, təhlükəsiz, eləcə də bütün iqlimlərə uyğun nəqliyyat növü olmaqla yanaşı, həm də yaxşı ekoloji gostəricilərə malikdir. Lakin, nədənsə son illər ölkəmizdə dəmir yolundan istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Çünki qatarların əksəriyyəti standartlara cavab vermədiyindən yol boyu insanların narahatlığına səbəb olur. Halbuki bunun üçün ölkədə vaqon depoları fəaliyyət göstərir və onların işi nasaz qatarları təmir edib xəttə buraxmaqdır. Bu cür müəssisələrdən biri də Bəşir Əsədovun rəhbərlik etdiyi Gəncə Vaqon Deposudur. Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən bu müəssisənin işi çoxları tərəfindən ciddi narazılıqla qarşılanır. Belə ki, Gəncə Vaqon Deposunun fəaliyyətində bir sıra nöqsanların olduğunu vurğulayan mənbənin sözlərinə görə, həmin müəssisənin rəhbəri şəxsi maraqlarını təmin etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə edir: "Gəncə Vaqon Deposunun mövcud durumu olduqca acınacaqlıdır. Halbuki dövlət tərəfindən bu müəssisənin normal fəaliyyət göstərməsi üçün bütün lazımi işlər görülüb, yetərincə vəsait ayrılıb. Görünən odur ki, Bəşir Əsədov ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilməyib və nəticədə Gəncə Vaqon Deposu hazırki acınacaqlı durumla üz-üzə qalıb".
Yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədilə Gəncə Vaqon Deposunun 5 texniki xidmət məntəqəsinin fəaliyyət göstərdiyini deyən məlumatlı şəxs iddia edir ki, vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir: "Elə bu səbəbdən də nəzərdə tutulan təmir işləri keyfiyyətsiz şəkildə həyata keçirilir. Qeyd edim ki, bir neçə il öncə Gəncə Vaqon Deposu tənəzzül dövrünü yaşayırdı, hətta müəssisənin bağlanmaq təhlükəsi də vardı. Lakin aidiyyəti qurumların müdaxiləsindən sonra məsələ yoluna qoyuldu. Ancaq buna baxmayaraq, depo Bəşir Əsədovun rəhbərliyi ilə çox uzağa gedə bilməyəcək. Çünki onun məqsədi dəmir yol nəqliyyatının inkişafı yox, şəxsi gəlirlərinin artırılmasına nail olmaqdır".
Bu arada, Gəncə Vaqon Deposunun rəisi Bəşir Əsədovun Həcc ziyarətində olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, o, özünü hacıya yaraşan tərzdə aparmır: "Bəşir Əsədov Həcc ziyarətində olub və elə buna görə də hamının ona hacı deməsini tələb edir. Halbuki əsl hacı
belə etməməlidir. Bundan başqa o, daşımağa çalışdığı hacı adına yaraşmayan bəzi işlərlə məşğuldur. Onu da qeyd edim ki, bu gün Gəncə Vaqon Deposunda çalışan şəxslərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda depo rəisi onları iş saatından artıq işlədir, lakin bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Hələ bu, harasıdır. Bəşir Əsədov Gəncə Vaqon Deposunun rəisi vəzifəsinə təyin olunduqdan sonra müəssisənin istirahət günləri də işə çağırılırlar. Bu isə birbaşa Əmək Məcəlləsinin pozulması, işçi hüquqlarının ayaqlar altına atılması deməkdir". Bəşir Əsədovun "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov tərəfindən himayə olunduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, onları bir-birinə qohumluq əlaqələri bağlayır: "Gəncə Vaqon Deposunun rəisi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin birinci müavininin yaxın qohumudur. Məhz buna görə də o, özünü tam arxayın hiss edir və istədiyini edir. Lakin artıq QCS-nin yeni sədri Cavid Qurbanovun olub-bitənlərdən xəbəri var. Və o, Bəşir Əsədovun fəaliyyətini şəxsən özü araşdırmaq qərarına gəlib. Bu isə depo rəisinə baha başa gəlib, hətta o, vəzifəsini itirə bilər".
Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?