Hər bir partiyanın dövlətdən alacağı pulun dəqiq məbləği...
gundemxeber.az Xəbər verildiyi kimi, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsait artırılıb. Milli Məclisin büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov 2013-cü ilin Dövlət Büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsaitin 2,5 milyon manat olduğunu bildirib. Əvvəlki variantda isə partiyalara iki milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulurdu. Dövlət Büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, Milli Məclisə keçirilmiş son seçkilərdə irəli sürdüyü namizədləri etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında toplanan səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür. Dövlət büdcəsindən ayrılan vəsaitin artırlmasından sonra ayrı-ayrı partiyaların payına düşən vəsaitin məbləğini hesabladıq. Qeyd edək ki, Milli Məclisdə 11 partiya təmsil olunur, 83 millət vəkilinin isə partiya mənsubiyyəti var. Parlamentdə Yeni Azərbaycan Partiyası 70 (Onlardan birinin - Gülər Əhmədovanın mandatı ləğv olunub), Vətəndaş Həmrəyliyi Partiyası 3, "Ana Vətən" Partiyası 2, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Sosial Rifah, Ədalət, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarının hər biri, bir millət vəkili ilə təmsil olunur. Ümumi vəsaitin 40 faizi, yəni bir milyon manatı Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər bölündüyündən hər bir partiya bu göstərici üzrə 90.1 min manat alacaq. Vəsaitin 50 faizi seçilmiş deputatların sayına proporsional olaraq bölündüyündən 1,25 milyon manatdan YAP 1 milyon 54 min, VHP 45.2 min, \"Ana Vətən\" Partiyası 30.1 min, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Sosial Rifah, Ədalət, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarının hər biri isə bu göstətici üzrə 15.06 min manat vəsait əldə edəcək. Ümumilikdə isə, 2,5 milyon manatdan parlamentdə təmsil olunan partiyaların alacağı vəsait aşağıdakı kimidir: 1. YAP - 1 milyon 144,1 min manta, 2. VHP - 135,3 min manta, 3. "Ana Vətən" Partiyası - 120,2 min manta, 4. Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Sosial Rifah, Ədalət, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarının da hər biri 105,2 min manat alacaq. Yerdə qalan 10 faizə, yəni 250 min manat vəsaitə isə parlamentdən kənarda qalan heç bir partiya iddia edə bilməz. Çünki, həmin partiyaların heç biri qanunda tələb olunan 3 faiz səsi toplaya bilməyiblər. Həmin vəsaitin istifadə forması ilə bağlı isə müxtəlif təkliflər səslənib. Bəziləri bu vəsaitin büdcəyə qaytarılmasını, bəziləri isə onun parlamentdə təmsil olunan partiyalar arasında bərabər şəkildə bölünməsini təklif edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?