Ölkənin bütün bəlalarında ittiham edilən “boz kardinal” ağır durumda
gundemxeber.az Son vaxtlar prezident İlham Əliyev on gün fasilə ilə 28 sentyabrda Moskvada yaşayan bir qrup nüfuzlu azərbaycanlı tərəfindən yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının iki təşəbbüsçüsü ilə görüşüb. Əliyev əvvəlcə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovu, dekabrın 25-də isə keçmiş baş nazir Abbas Abbasovu qəbul edib. İttifaqı həmçinin Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Söyün Sadıxov, Rusiya Notariat Kontorları Gildiyasının prezidenti Natiq Ağamirov, Asif Məhərrəmov, yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov, iş adamı İsgəndər Xəlilov, Telman İsmayılov (“AST” holdinqi), Araz Ağalarov (“Krokus” holdinqinin rəhbəri), RF Dövlət Dumasının üzvü dağıstanlı Ramazan Abdulatipov yaradıb. Görüşün nəticələri barədə mətbuata bəyanatlar sızmayıb. Əgər nüfuzlu azərbaycanlıların «diaspor işinin səmərəsinin artırılması» fəaliyyətlərini davam etdirdiklərini nəzərə alsaq, demək olar ki, tərəflər kompromisə gəlib və Əliyev onların təşəbbüsünü anlayışla qarşılayıb. Məlumdur ki, Diasporla İş üzrə Dövlət Komitəsi oktyabrda bəyanat verərək RATİ-nin «RF-də yaşayan azərbaycanlıların birlik və həmrəyliyinə xidmət etmədiyini» bildirdi. Turan Agentliyi 19 oktyabrda «RATİ-nin səhnəyə çıxması dəyişikliklər olacağından xəbər verir» adlı analitik yazıda o bildirirdi ki, ittifaqın təsisçilərindən biri və Azərbaycan Ziyalıları Forumunun qeyri-rəsmi sədri Rüstəm İbrahimbəyov hələ ötən ildən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi Azərbaycanda qeyri-sağlam mühit yaratmaqda açıq şəkildə ittiham edirdi və ittifaqın digər üzvləri də ondan narazıdır. Sonuncunun vəziyyəti sentyabrda keçmiş deputat Gülər Əhmədovaya hamilik etməsi ilə bağlı qalmaqalda xeyli sarsıldı. Videokompromat göstərdi ki, Ramiz Mehdiyevin parlamentdə yerlərin satılması və onun inzibati qaydada formalaşmasında əli var. Prezident Administrasiyasının dörd müavini vəzifəsinin təsis edilməsi və onlara Əliyevin adamlarının təyin edilməsi göstərir ki, prezident ölkənin bütün bəlalarında ittiham edilən “boz kardinalı” qurban verə bilər. Rusiyanın nüfuzlu azərbaycanlıları bunu məmnunluqla qarşılayardı. Və təkcə onlar yox.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?