Xəbər verdiyimiz kimi, fevralın 16-da “Sovetski” sakinləri 173 saylı orta məktəbin qarşısında aksiya keçiriblər. Vətəndaşlar mənzillərinin sökülməsinə görə onlara verilən kompensasiyadan narazılıq ediblər. Sakinlər bildiriblər ki, bir kvadratmetrə görə 1500 manat məbləğin təyin edilməsi bazar qiymətlərinə uyğun deyil. Onlar mənzillərinin sahəsinə uyğun ev tələb edirlər. Vətəndaşların etirazına siyasi liderlər də münasibət bildiriblər.
Azadliq.info-ya istinadən məlumata görə, AXCP sədri Əli Kərimli hesab edir ki, sakinlərin etirazı haqlıdır və dövlət vətənədaşlara ədadlətli kompensasiya verməlidir: “Artıq uzun illərdi Azərbaycan hökuməti vətəndaşların mülkiyyət hüquqlarına qəsd edir, onlarla hesablaşmır, bazar qiymətlərini nəzərə almır və nəticədə sakinləri qane etməyən pul ödənilir. İndiyə qədər on minlərlə sakinin bu şəkildə hüququ pozulub. Təəssüf ki, bugünə qədər sökülən məhəllələrin sakinləri mütəşəkkil müqavimət göstərə bilməyiblər. ”Sovetski" sakinləri isə bu müqaviməti təşkil etdilər və mən sakinlərin bu mübarizəsini təqdir edirəm. Mülkiyyət hüququ toxunulmazdır və hökumət yalnız vətəndaşlara ədalətli kompensasiya verdikdən sonra bu evləri sökə bilər. Biz AXCP olaraq bu hadisə ilə bağlı xüsusi bəyanat verəcəyik və hökumətdən bu istiqamətdə düzgün addım atmağı tələb edəcəyik. Hakimiyyət bu adamları eşitməli və hesablaşmalıdır. Biz onların mübarizəsini müdafiə edirik və bu prosesdə daha yaxından iştirak etməməyimiz də, hökumətin əlinə bəhanə verməmək üçündür. Ancaq biz bütün hallarda həmin sakinlərə mənəvi, siyasi dəstəyimizi ifadə edəcəyik və onlara uğurlar arzulayırıq".
Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, vətəndaşlara verilən kompensasiya ilə şəhərin kənarında da mülk almaq mümkün deyil: “Sakinlərin etirazı haqlıdır və onlar ədalət tələb edirlər. Bu adamlar şəhərin mərkəzində yaşayırlar. Evləri geniş olmasa da, müəyyən çətinliklər olsa da, bu adamlar uzun illərdi öz yaşayışlarını təmin ediblər. Ədalətsizlik ondan ibarətdir ki, bu adamların yaşadıqları mənzilə pul ödənilir, ancaq torpaq sahəsinə pul ödənilmir. Bu adamların torpağa mülk kağızı var və Sovet hökuməti dövründə bu torpağa görə vergi ödəyiblər. Hətta Sovet hökuməti o torpaqları vətəndaşlardan almadı. Həmin ərazidə torpağın sotu 700000 manatdan bahadır. Əgər torpağın haqqı ödənilsə heç kim narazı qalmaz. Digər tərəfdən, dövlət öz vətəndaşı ilə müaqaviləsini vasitəçi ilə edir. Yaxşı olar ki, dövlət idarəsi vətəndaşla müqavilə bağlasın və bu müqaviləni də həyata keçirsin. Çünki bir neçə dəfə ayrılan vəsaitlə, sakinlərə ödənilən vəsait arasında fərq meydana çıxmışdı. Hesab edirəm ki, indiki kompensasiya ilə nəinki şəhərin mərkəzində, hətta şəhər kənarında da mülk almaq çətindir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?